Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ: “Kupça” vermək mümkün olmayacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 aprel 2022-ci il tarixli fərmana əsasən yaxın zamanda bir çox çıxarışsız evə sənəd veriləcəkdir.
Bu barədə Metbuat.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışsız fərdi həyət evləri və çoxmərtəbəli yeni tikili yaşayış binalarında yaşayanların əksəriyyəti məhz bu səbəbdən qeydiyyata düşə bilmirlər.
“Bu evlərin bir qismi 90-cı ildən sonra müəyyən yaşayış massivlərində, qəsəbələrdə və kəndlərdə tikilib. Müəyyən bir hissəsi isə sovet dövründən qalmış ərazilərdir. Elə bu sadaladığım ərazilərdə də sırf yaşayış massivləri olub. Buna misal olaraq əsəsən, Bakının Yasamal rayonunda “Alatava”, “Papanin”, “Köhnə Sovetski” ərazilərini göstərmək olar. Buradakı evlərin yaşı bəlkə də 80-100 ilə bərabərdir. Buna baxmayaraq, çıxarış verilmir. Bu gün ölkədə ən çox alqı-satqı prosedurları demək olar ki, daşınmaz əmlaklar üzərində olur. Amma satışa çıxarılan mənzillərin də böyük hissəsinin çıxarışının olmaması səbəbindən dövlət büdcəsi də bu sahədən gələn vergidən yararlana bilmir. Belə mənzillərin ipoteka predmetinə də çevrilmək də mümkün olmur. Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin də böyük əksəriyyətində çıxarış yoxdur. Daha doğrusu çıxarış ala bilməyənlər çoxdur. Çünki çıxarış almaq mümkün olsaydı, vətəndaşlar hansısa formada bunu alardılar”.
Ekspert deyir ki, bu ərazilərdə problem ondadır ki, torpaqlar təyinatı üzrə deyil. Yəni, fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir. Tutaq ki, burada olmalıdır əkin-biçin sahəsi, maldarlıq, heyvandarlıq və s. Bu gün həmin ərazilərə çıxarışların verilməsi üçün birinci növbədə torpağın təyinatı dəyişməlidir. Yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir. Elnur Fərzəliyev vurğuladı ki, çox ərazilər var ki, orada tikinti aparmaq qadağandır. Amma tikilib. Qanunla baxsaq, bu ərazilərə sənəd verilə bilməz. Onlara gələcəkdə çıxarışlar verilərsə, yəqin ki, hansısa formada kompensasiya və yaxud köçürmə yolu ilə bu ərazilərdə yer dəyişikliyi olmalıdır.
Sənədləşmə reallaşdığı təqdirdə qiymətlərin artmasına gəldikdə isə ekspert deyir ki, həmin ərazilərə çıxarış verilərsə, bu, birbaşa ipoteka predmetinə çevrilə bilər:
“Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2022-ci il tarixində imzaladığı fərmanın 2.2.2-ci bəndinə əsasən vətəndaşlar əldə olan sənədləri ilə birlikdə yerli icra hakimiyyəti orqanlarına yaxınlaşaraq, yaşayış yerlərinə çıxarış ala bilərlər. Bundan sonra icra hakimiyyəti nümayəndələri gəlib həmin mənzilə baxış keçirdəcəklər. Daha sonra həmin sənədlər toplanılaraq çıxarışların hazırlanması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndəriləcəkdir”.
Bəs çıxarışlı mənzilə sahib olmaq vətəndaşlara hansı imkanlara çıxış şəraiti yaradır?
“Vətəndaşın mənzilinin çıxarışı varsa, o, həmin mənzili banka girov qoyub, kredit əldə edə bilər. Yaxud vətəndaş həmin mənzili ipoteka yolu ilə digər vətəndaşa sata bilər ki, burada da həm banklar yararlanar, həm vətəndaş öz evini rahat şəkildə satar, həm də digər şəxslər ucuz həyət evi ala bilər. Bunun qiymətlərin artmasına təsiri ola bilər. Çünki çıxarışların verilməsi zamanı müəyyən dövlət rüsumları ödəniləcək. Yəqin ki, yaxın illərdə təkcə Bakı şəhəri deyil, ümumiyyətlə, digər böyük şəhərlərdə, bölgələrdə də bu sahədəki bütün qaranlıq məqamlar da aradan qaldırılacaqdır. Bu gün vətəndaşın əlində 30-35 min pul varsa, onun paytaxt ərazisində həmin qiymətə bina evi alması qeyri-mümkündür. Ancaq çıxarışı olmayan 30-35 min manata həyət evi var ki, vətəndaş onu almağa risk edə bilmir. Bu kimi problemlərin aradan qaldırılması ilk növbədə iqtisadiyyatın ayaqda durmasına, büdcəyə vəsait daxil olmasına səbəb olacaq. İndiyədək ciddi addımlar atılmasa da, böyük gözləntilər ondan ibarətdir ki, hansısa qərar, sərəncam verilsin və bu problemlər aradan qalxsın.Artıq bu qərar da Prezident İlham Əliyev tərəfindən verilib və düşünürəm ki, yaxın zamanda uğurlu nəticələrin şahidi olacayıq”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.