fbpx

Prezidentdən “əhalinizi sülhə necə hazırlayırsınız?” sualına cavab

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz realist nöqteyi-nəzərindən yanaşırıq və anlayırıq ki, bu, asan olmayacaq. Siz hər bir şeyi vaxtında görməlisiniz. Bilirsiniz, qeyd etməliyəm ki, həmin otuz il ərzində Azərbaycan xalqının yaraları sağalmayıb. Lakin torpaqlar azad olunandan sonra insanlar həmin yerlərə baş çəkməyə başladı. Şuşaya, Ağdama avtobusla müntəzəm reyslər təşkil olunur. Onlar öz gözləri ilə gördükdə və mən özüm şəxsən birinci dəfə gördükdə, sanki şok yaşandı. Biz heç bir zərər vurmadığımız insanlarda bu qədər ədavət dərəcəsini təsəvvür edə bilməzdik, çünki biz Şuşada, Xankəndidə və digər yerlərdə yanaşı yaşamışıq və heç vaxt öz tərəfimizdən düşmənçilik etməmişik”.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Konfransda “Öz ictimaiyyətinizi, əhalinizi sülhə necə hazırlayırsınız?” sualını cavablandıran dövlət başçısı bildirib ki, şəhərlərin yerlə-yeksan olunması, meyitlərin qazılıb qəbirlərdən çıxarılması kimi bu cür nifrət inanılmazdır:

“Təsəvvür etmək mümkün deyil. Əgər bunu mən hiss etmişəmsə, onda görün öz yaxınlarını itirmiş şəxslər nə etsin. Mən onların ağrısını anlayıram, onu bölüşürəm. Şəxsən özüm də vəhşilikləri və barbarlığı heç zaman yaddan çıxarmayacağam. Çıxara bilməyəcəyəm və yaddan çıxarmaq da istəmirəm. Çünki biz bunu xatırlamalıyıq. Çünki bu, faciəli tariximizin bir hissəsidir.

Eyni zamanda, biz yadda saxlamalıyıq və hər zaman özümüzü müdafiə etməyi bacarmalıyıq. Lakin, eyni zamanda, sülh gündəliyimiz ictimai dəstək olmadan həyata keçirilə bilməz. Biz, həmçinin anlayırıq ki, İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin də yaraları var. Bunu başa düşmək olar. Əgər yaralarımız otuz ilə sağalmadısa, bilirik ki, onların da yaraları qanlı qalacaq. Bu, reallıqdır. Lakin nə etmək olar?! Biz məsuliyyəti öz üzərimizə götürməliyik və ölkələrə rəhbərlik edən liderlər məsuliyyəti eyni olaraq qəbul etməlidirlər. İnsanları inandırmağa çalışmalıdırlar ki, maraqlarımız, strateji gələcəyimiz naminə bizə sülh gərəklidir”.

Prezident əlavə edib ki, sülh bizim üçün zəruridir:

“Biz müharibələrin tarixini bilirik. İkinci Dünya müharibəsinin tarixini bilirik. Düşünürəm ki, bir-birini öldürən şəxslər on-iyirmi ildən sonra biznes qurmağa başlayırlar. Bunun bir çox misalları var. Bir cəmiyyət kimi onlar hazır olacaqlar ya yox, mən bunu bilmirəm. Lakin hesab edirəm ki, siz, həmçinin bilirsiniz, Zəfərdən sonra Azərbaycan cəmiyyətində çox xüsusi ab-hava var, birlik var. Əgər belə demək mümkünsə, gördüyümüz işlərlə insanların reaksiyası arasında daim əlaqə var. Biz planlarımızla əlaqədar xalqla məsləhətləşirik. Məsələn, şəhərlərin yenidən qurulmasına gəldikdə, Ağdam və Füzulinin baş planları həmin rayonların tanınmış nümayəndələrinin iştirakı ilə təsdiqlənib, çünki onlar orada yaşayacaqlar. Buna görə də cəmiyyət gördüyümüz işlərə böyük etimadla yanaşır. Bu, hər zaman belə olub. Lakin Qələbədən sonra bu, daha aydın hiss olunur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti sülh haqqında danışdıqda məni anlayacaq. Anlayıram ki, bu, asan deyil. Lakin bizə digər müharibə lazım deyil və biz özümüzü Ermənistanın hər hansı revanş risklərindən qorumalıyıq. Bu səbəbdən, bir tərəfdən biz yaddan çıxarmalı deyilik, digər tərəfdən isə, biz ordumuzu gücləndirməli və müasirləşdirməliyik. Eyni zamanda, biz paralel olaraq cəmiyyəti hazırlamalıyıq. İnsanlar, jurnalistlər və ziyalılar arasında təmasların qurulmasına dair mənim təklifim buna yönəlir. Sülh üçün əsaslar olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin alternativ yoxdur, alternativ daha pisdir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin