Mağazadan 15 min manatlıq oğurluq edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Abşeron rayonu Qobu qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, marketin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin obyektə daxil olaraq oradan dəyəri 15 min manat olan tütün və ərzaq məhsulları, eləcə də kassada olan nağd pulu ələ keçirdiyini bildirib.
Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə obyektdən Polis Bölməsinə şikayətlər daxil olub. Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxs tərəfindən törədilib. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Qobu qəsəbəsində yaşayan Polad Piyamı saxlanılıb. O, ifadəsində qəsəbə ərazisində yerləşən ümumilikdə 9 marketdən oğurluqlar etdiyini bildirib. Polad Piyamınin evinə baxış zamanı onun oğurluq yolu ilə ələ keçirdiyi məhsulların bir qismi qazaraq torpağın altında gizlətdiyi yerdən aşkar edilib.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.