Azərbaycanın tibb işçiləri ÜST-nin təlim platformasında qazandıqları təcrübədən danışıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Avropa İttifaqı (Aİ)-Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşlığı ilə həyata keçirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü və COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihələri tibb işçilərinin onlayn öyrənmə imkanlarını dəstəkləməyə davam edir.
Metbuat.az xəbər verir ki, bu çərçivədə ÜST-nin “OpenWHO” onlayn təlim platformasının Azərbaycan səhifəsi istifadəyə verilib.
Səhifədə Azərbaycan, türk və rus dillərində kurslara, habelə tez-tez verilən suallara keçid yerləşdirilib. Təlim platforması, COVID-19 və COVID-19 vaksinasiyası da daxil olmaqla, müxtəlif mövzularda ÜST ekspertləri tərəfindən hazırlanmış 155-dən artıq ödənişsiz təlim kursu təqdim edir.
Azərbaycanın tibb işçiləri TƏBİB-in dəstəyi ilə ÜST-nin “OpenWHO” platformasında onlayn öyrənmə imkanları təqdim edən kurslarda aktiv iştirak edir. Müvafiq maarifləndirmə və texniki dəstək sayəsində son yarım il ərzində bu platformada kurslar üçün qeydiyyatdan keçmiş azərbaycanlı səhiyyə işçilərinin sayı on dəfə artaraq 18000-ə çatıb. Aİ-ÜST layihələri çərçivəsində 50 tibb müəssisəsi və tibb işçisi davamlı tibbi təhsil istiqamətində fəal iştiraka görə təltif edilib.
“OpenWHO” platformasında təqdim edilən onlayn kurslara qoşulmuş tibb müəssisələri arasında Ucar Rayon Mərkəzi Xəstəxanası, Yevlax Rayon Mərkəzi Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Bakı şəhəri 20 saylı və 2 saylı uşaq poliklinikaları ən çox sayda kurs tamamlayıblar.
Tibb işçiləri arasında 81 kurs tamamlamış 20 saylı uşaq poliklinikasının həkimi Ziyafət Quliyeva hər zaman beynəlxalq tibbi araşdırmaları və bu sahədəki yenilikləri izlədiyi üçün “OpenWHO” kurslarına böyük maraq göstərib.
“OpenWHO geniş fürsətlər təklif edir. Xəstəliklərin qarşısının alınması, diaqnoz və müalicə üsullarının təkcə yazılı materiallar vasitəsilə deyil, həm də əyani vəsaitlər və videolarla öyrədilməsi çox yaxşıdır. Müasir diaqnostika texnologiyası ilə yanaşı, dərman preparatlarının qəbuluna dair yeni metodologiya ilə tanış oldum”.
Həmin müəssisənin böyük tibb bacısı Sədayə Quliyeva isə “OpenWHO” platformasında 75 mövzuda kurs bitirərək sertifikat əldə edib. O, əldə edilən biliyin COVID-19 və digər infeksion xəstəlikləri olan pasiyentlərin müalicəsində faydalı olduğunu bildirir.
“Kurslar haqqında həmkarlarımla fikir mübadiləsi aparıram, mənim tövsiyəmlə artıq bir neçə həmkarım bu kurslara qoşulub”, – deyə tibb bacısı qeyd edir. O, bu kursları səmərəli hesab etdiyini, yeni maraqlı və maarifləndirici mövzuları səbirsizliklə gözlədiyini deyir.
Ucar Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb qardaşı İmran Lətifovun fikrincə, “OpenWHO” platformasında təqdim edilən biliklər hər bir tibb işçisinin bilməsı lazım olan mövzulardır. Peyvəndlərin saxlanması, tibbi tullantıların idarə olunması, infeksiyaların profilaktikası və nəzarət üzrə kursları bitirən İmran Lətifov bütün tibb işçilərinin bu ödənişsiz kurslardan faydalana bilməsinin çox yaxşı hal olduğunu vurğulayır.
“OpenWHO” platformasında 63 kurs bitirmiş İmran Lətifov resursun tibb işçiləri üçün faydasını nəzərə alaraq Azərbaycan dilində olan kursların sayının çox olmasını vacib hesab edir.
2 saylı uşaq poliklinikasının həkimi Vüsalə Əliyeva isə “OpenWHO” platformasında 45 kursa qatılıb. Mütəmadi olaraq biliklərini yeniləməyə çalışdığını qeyd edən həkim tibb sahəsində ən son yenilikləri izlədiyini bildirir.
Tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi Aİ-ÜST layihələrinin mühüm istiqəmətlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı tibb sahəsində insan resurslarının inkişaf etdirilməsi məqsədilə daha sağlam və etibarlı gələcək üçün ölkənin səhiyyə sisteminə dəstək olmağa davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.