Rəsmi Bakı Təl-Əvivlə münasibətləri inkişaf etdirir
BEY.AZ informasiya agentliyi xəbər verir
İşğaldan azad edilmiş ərazilərimizin ən müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında sürətlə bərpa prosesi gedir. Bu mühüm tədbirin reallaşdırılması üçün Azərbaycan Türkiyə, Çin, İtaliya şirkətlərinin mütəxəssisləri ilə sıx əməkdaşlıq edir. Doğma Qarabağa sərmayə qoymaq istəyən şirkətlərdən biri də İsrail dövlətinə məxsusdur. Amma görünür bir çox sahələrdə əlaqələrin inkişafının yüksək həddə olduğu Azərbaycan-İsrail münasibətləri kor qonşumuz Ermənistanı ciddi narahat edir.
Elə bu yaxınlarda İsrail prezidenti İsxak Hersoqun Prezident İlham Əliyevə Azərbaycanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrikdə “Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyinizin açılması üçün də bir fürsət ola bilər” fikirləri də Azərbaycan –İsrail münasibətlərində yeni bir mərhələnin başlandığına işarə edir.
Bu barədə ekspertlərin fikirləri də maraqlıdır. Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyir ki, Azərbaycanın İsraildə səfirlik açması üçün hüquqi və siyasi əsaslar hazırlanır. Müsahibimizin sözlərinə görə, iki müstəqil dövlət arasında diplomatik münasibətlər kifayət qədər normal olsa da hüquqi məsələlər baxımından, Azərbaycan ərazisinin işğal altında olması, o cümlədən İslam Təşkilatı Birliyi, Ərəb Dövlətləri Liqası və beynəlxalq təşkilatlarda islam ölkələri ilə həmrəylik məsələsinə görə Azərbaycan tərəfi bu mövzuya həssas yanaşıb.
“İsrail – Azərbaycan münasibətləri 30 il müddətində böyük inkişaf yolu keçib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosessində İsrail dövləti böyük həssaslıq nümayiş etdirib. Bu münasibətlər hazırda azad olunmuş torpaqların bərpası zamanı da davam etdirilir. Azərbaycanda uzun illər rahat şəkildə yaşamış yəhudi icmasının varlığı imkan verir ki, bizim münasibətlərimiz ən üst səviyyədə olsun. O cümlədən beynəlxalq aləmdə də Azərbaycanla – İsrail diasporasının bərabər şəkildə hərəkəti, iki dövlət arasında olan münasibətlərin artıq səfirlik səviyyəsindən də yüksəkdə olduğuna nümunədir. Hazırda ərəb ölkələri – Misir, Qətər, Bəhreyn kimi dövlətlər İsrail ilə müəyyən əməkdaşlıq münasibətləri qurmaqdadır. Onlar İsrailə düşmən gözü ilə baxmaq siyasətini dəyişdiriblər. Biz uzun illər ərzində elə savaş dövründə də gördük ki, dostumuz və düşmənimiz kimlərdir. Bu mənada Azərbaycanın İsraildə səfirlik açmasının da tam vaxtıdır deyə bilərik”.
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan iranlı həmkarı Seyid İbrahim Rəisi ilə telefonda danışığı əsnasında İsraillə bağlı müzakirələrdə ”Sionist rejimin regionda təsirinin qarşısını almaq üçün bu rejimin hərəkətlərinə diqqətli və ehtiyatlı yanaşmaq lazımdır” kimi fikirlər səsləndirilib. Ermənistanla İranın İsrailə münasibətdə ortaq maraqlarının yaranması təəccüblü deyil. Çünki Vətən müharibəsi əsnasında da Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq İranın könlünün bulanmasına səbəb olmuşdu. Siyasi şərhçi Elçin Mirzəbəyli düşünür ki, Azərbaycan-İsrail münasibətlərinin hər hansı üçüncü dövlətə, o cümlədən İrana heç bir aidiyyəti yoxdur:
“İran və onun məzhəb pərdəsi arxasında gizlənmiş panfarsist rejimi Azərbaycanın dostlarına və düşmənlərinə münasibətdə mövqe ifadə edəcək, Fələstin xalqının və bütövlükdə müsəlmanların hüquqları barədə fikir yürüdəcək ən sonuncu ölkədir. Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistana hərtərəfli dəstək verən, onlar üçün həyat yolu funksiyasını yerinə yetirən İran İslam Respublikası adlı dövlətin simasındakı pərdə sonuncu dəfə Azərbaycan sərhədlərinin yaxınlığında güc nümayişi və Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı hikkəli bəyanatları zamanı tamamilə yırtılıb. Qonşuluğundakı dinbir qardaşlarının ana südü kimi halal torpaqlarının 30 ilə yaxın zaman kəsiyində Ermənistanın işğalı altında qalmasına, müsəlmanların qəbirlərinin, ziyarətgahlarının, məscidlərinin dağıdılmasına, təhqir edilməsinə göz yuman, müsəlman azərbaycanlılara qarşı soyqırım həyata keçirən erməniləri ərzaqla, yanacaqla, tibb ləvazimatları və işğalı davam etdirmək üçün gərəkli olan digər nəsnələrlə təmin edən bir ölkənin Fələstin xalqının hüquqlarından söz açması və bunu Ermənistanın baş naziri ilə müzakirə etməsi qədər paradoksal heç nə ola bilməz. İsrail Azərbaycanın dostudur və bunu uzun illər boyu ölkəmizə, xalqımıza münasibətdə sərgilədiyi ədalətli mövqeyi ilə sübuta yetirib”.
Ekspert bildirdi ki, Azərbaycanın ən qısa bir zamanda İsraildə səfirlik açması zəruridir.
“Artıq İsrailin qardaş Türkiyə və bir sıra ərəb ölkələri ilə münasibətləri normallaşır. Bir neçə gün öncə İsraillə Birləşmiş Ərəb Əmirliyi arasında azad ticarətlə bağlı dövlətlərarası müqavilə imzalanıb. İsraillə diplomatik əlaqələr quran müsəlman ölkələrinin sayı isə artmaqdadır. Şübhə etmirik ki, qarşılıqlı etimadlı münasibətlərin formalaşması Fələstin məsələsinin də ədalətli həllinə müsbət təsir göstərəcək və Fələstin məsələsi dini-siyasi alver predmeti kimi bəzi ölkələrin əlindən çıxacaq”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.