Qoyun cəsədinə Nərminin paltarından geyindirib, yandırdılar – Məhkəmədə şok videogörüntülərə baxıldı
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə istintaq eksperimentinin və İlkin Süleymanovun ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkətinin videogörüntüləri nümayiş etdirilib.
Tovuzun Aşağı Öysüzlü kəndində qoyun cəsədinin yandırılmasıyla keçirilən istintaq eksperimentinin məqsədi aşkar edilmiş meyitin yanma prosesinin zaman və şəraitinin yoxlanması olub. Videogörüntülərdən məlum olub ki, qoyun cəsədinə Nərmin Quliyevanın yandırılarkən əynində olmuş paltarlara uyğun paltarlar geyindirilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin göstərişi ilə cəsədin üzərinə salyarka tökülüb və alışqanla yandırılıb. 4 dəqiqə yandırılandan sonra cəsəd torpaqlanaraq alov söndürülür. Ancaq eksperimentin nəticəsi müstəntiqi qane etmir, cəsəd ikinci dəfə 2 dəqiqə ərzində yandırılıb. Bu dəfə də nəticə əldə olunmayıb.
Qeyd edək ki, Nərminə məxsus olduğu yanmış meyit tapılarkən kömürləşmiş şəkildə olub. Meyit 5 dəqiqə 48 saniyə yanıb və söndürülüb. Ekspertlər bildiriblər ki, meyit azı 45-50 dəqiqə yanmalıdır ki, kömürləşsin. 5 dəqiqə ərzində isə bu, mümkün deyil.
Daha sonra ifadənin yerində yoxlanılması videogörüntüləri nümayiş etdirilib. Videogörüntülərdən İlkin Süleymanov təlaş və həyəcan içində olduğu, üz nahiyəsində döyülmə izlərinin sezildiyi görülüb.
Prosesdə vəkillərlə hakim arasında mübahisə də baş verib. Belə ki, vəkillər videogörüntülərdəki ziddiyyətlərlə bağlı dəlillərini məhkəməyə təqdim etmək istəyəndə hakim Dadaş İmanov “qeydlərinizi məhkəmənin axırına saxlayın” deməsi vəkil Əlibaba Rzayevi özündən çıxardıb. O, hakimə danışmağa icazə verməməsi səbəbindən etiraz edib.
Daha sonra İlkin Süleymanov ayağa qalxaraq qeydləri olduğunu və onları hakimin diqqətinə çatdırmaq istədiyini deyib. Lakin hakim buna da icazə verməyib.
Bir saata yaxın davam edən məhkəmə iclasında hakimlə vəkillər arasında yaranmış qalmaqal iclasın təxirə salınmasına səbəb olub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu saxlanılaraq istintaqa cəlb edilib.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrlə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi məqsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünür ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.