Reper Orxan Zeynallı ölkədən niyə getdiyini AÇIQLADI: “2014-cü ildə…”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Aid” ləqəbi ilə məşhurlaşan keçmiş “HOST” qrupunun üzvü, reper Orxan Zeynallı OLAY-a müsahibə verib.
Metbuat.az həmin müsahibəni təqdim edir.
O, Amerikada 6 il yaşadıqlarından, ümumi sənət fəaliyyətindən bəhs edib:- Orxan, yenidən ölkənizə xoş gəlmisiniz! 6 il sonra konsert vermək qərarına gəldiniz və ölkə rekordunu təzələdiniz. Hansı hissləri keçirirsiniz?- Bu, mənim üçün qürurverici bir hissdir. Amma üzərimə çox böyük bir məsuliyyət düşür. Tək özümə görə yox, Azərbaycanda yerli konsert mədəniyyətinə görə sevinirəm. Əvvəl insanlar musiqidən başqa hər şey soruşurdu, deyirdilər ki, oturmaq olacaq, nə verəcəklər, nə daxildir? Lakin indi ayaq üstdə olan konsert üçün bir gündən az müddətdə 3000-dən çox adam bilet alır ki, gəlim, sevdiyim ifaçını dinləyim. Bu, həm də bir cığır açır. Şou-biznesdən söhbət gedirsə, şou budur. Azərbaycan şou-biznesini belə görmək istəyirəm: mütəmadi olaraq afişalarda təkcə rusların, türklərin adı olmasın, yerli ifaçılar da olsun.Sevinirəm və ümid edirəm ki, bu, həm reperlər, həm də toya aidiyyəti olmayan xalis pop ifa edənlər üçün bir başlanğıcdır. Bu adamlar da görsünlər ki, sənin ümidin təkcə kababyeyənlərin qabağında oxumaq olmamalıdır. İki saat sırf sənə gözünü dikib qulaq asan dinləyicilərə etibar edə bilərsən. Bunu düzgün qurmaq lazımdır. Bu da 1-2 ayın prosesi deyil.- 2 günün biletləri demək olar ki, “sold out” oldu, sizcə, bunu maksimum neçə günə qaldırmaq olardı?- Birinci gün çox tez bitdi. İkinci günü açmağa məcbur olduq. Konserti reklam etməmişik. Bu proses bir instaqram və feysbuk postundan əmələ gəldi. Düşünürəm ki, bütün imkanlardan istifadə etsək, 3 gün konsert verə bilərik. Amma komandamla da məsləhətləşdim, qərara gəldim ki, tam 100%-lik performansı cəmi iki gün göstərə bilərik. Üçüncü gün gələnlərin narazı getməyini istəmərəm. İki gün ərzində gələcək 6000-dən çox adam bizdən tam razı gedəcək.- İllərdir öz yerinizi qoruyub saxlamısınız. Zirvədə qalmağın sirri nədədir?- Belə bir sirr yoxdur. Zirvədə olmaq üçün can atmamışam. Çünki ora bir nöqtədir və o tərəfi yoxdur. Sonu olan nöqtələrə iddiam olmayıb. Çalışmışam ki, dünənki Orxandan daha yaxşı olum, həm musiqiçi, həm reper, həm vətəndaş kimi. Bu, mənim həyat fəlsəfəmdir. Heç kimlə rəqabət aparmıram. Rəqibim 6000 adama konsert verən Orxandır. O zirvə, ulduzluq, məşhurluq – bunlara ilişib qalmıram.
– Ölkədən niyə getdiniz? Sizi küsdürən məqamlar oldu?- Məni küsdürən səbəb yox idi. Öyrəşdiyim həyat rutini qırıldı. 2014-cü ildən başlayaraq özümə yer tapa bilmirdim. İşim də var idi, kifayət qədər populyar olan mahnılar çıxırdı, mütəmadi partilərə, tədbirlərə dəvət alırdım, pul da qazanırdım. Ancaq xoşbəxt deyildim. Hər şeyi sıfırlamaq lazım idi. Ən uyğun variant isə Amerika idi. Yuxuma belə girməyəcək çətinliklərə girdim, bunlar məni bərkitdi. Amerikanın burada oturan Orxana çevirilməyimdə müstəsna xidmətləri oldu. Ona görə də düzgün qərar idi. Bu 6 il növbəti illər üçün mənə dərs vermiş oldu. Mənə düşən də nəticə çıxarmaqdır. İşlərimi qaydaya sala bilməyim uzun çəkdi, pandemiya oldu, sənəd sistemində dəyişikliklər edilirdi, ona görə də vətənə gəlməyim 2022-ci ilə gəlib çıxdı.- 6 il sonra vətənə dönmüsünüz. “Mənim bir şəhərim var ki…”nin ardını necə tamamlayardınız?- Mənim bir şəhərim var ki, restoran, kofeşop əlindən tərpənmək olmur. Gördüm ki, məkanlar çoxdur, hamısı da ağzına kimi doludur. İnsanlarımız üçün kafeyə, restorana getmək çox böyük bir hadisə, əyləncə formasıdır. Çox istərdim ki, bu forma dəyişsin. Bəlkə, ona görə də sən konsert verəndə biletlər tez alınır, çünki başqa heç nə baş vermir. İnsan nə qədər latte içər axı? Bir dalğa gəlib, o dalğa da keçəcək. Bu, özü-özlüyündə inkişafdır – qızlar-oğlanlar bir yerdə oturur, “qaqaşxana”lar azalıb. Gedirdin şəhərə ki, 47 oğlan bir obyektdə əyləşib, yaxud o birində 54 oğlan oturub. Mən Nyu-Yorkda belə şey görməmişəm. Bu gün “Play Station”lara belə qızlar oğlanlarla birgə gedir. Bu bərabərliyin yaranmağı məni xoşbəxt edir. Çünki onların öz aralarında gedən “xarab” söhbətlər kənarda qalır, daha dəyərli söhbətlər gedir. Bu, sadəcə bir tramplin olacaq.- O torpaqlarda mavi qızılgüllər yetişir, ya torpağın fərqi yox imiş?- Mavi qızılgüllər daxil hər şey yetişir, təkcə dadlı meyvə-tərəvəz yetişmir (gülür – red.). İmkansız olan bir çox şey orada imkanlıdır. Burada əsas təzyiq, basqı var. Valideyn, qohum – bunu daha çox qızlar hiss edir. Amerikada Azərbaycandan olan qızlarla danışanda başa düşürəm ki, eyni ölkədən gəlməmişik. Mən öz kefimdə sərbəstliyimi yaşamışam, bu adam isə həyat yaşamayıb. Burada deyirlər ki, qızlar ora gedir, elə edir, belə edir. Vallah, yaxşı edir! Sən burada qızı qəfəsə salırsan, zəncirləyirsən. Sonra da deyirsən ki, elə bil zəncirdən buraxıblar. Elə bil niyə? Fakt elədir də! Sən özün etmisən də. Qoy 1-2 il belə etsin, sonra həyatda öz yolunu tapsın. Onsuz da sən ömrünün axırına kimi yeyib-içib festivala getməyəcəksən də. Məsələn; mənə o maraqlı deyil, elə bir seçimim olub, ancaq getməmişəm. Sadəcə maraqlı olmayıb, nə içkiyə, nə başqa şeylərə. İnsan var ki, ona o qədər sərhəd qoyublar ki, düşünür ki, mən pivə içsəm, dünyanın xoşbəxti olacam. Gedib içməyə başlayıb, bir il sonra ola bilər anlasın ki, bu, mənlik deyil, bunda səadət tapmıram. Amerikanın o sərbəstliyi böyük şeydir. Sərbəstlik mövcud olduqca, mavi qızılgüllər də, bitəcək, başqa bitkilər də.
– Hazırda rep sahəsində canlanma var, sizdən sonra populyarlaşan kimləri dinləyirsiniz?
– Rep sahəsində aktivlik çoxdur. Studiyalar, imkanlar var. İnsanların xarici musiqiyə əli çatır. Biz çox da köhnə deyilik. Lakin mən “Dəyirman” üzvləri ilə danışanda başa düşürdüm ki, adamlar nə zülmlər çəkiblər. 17 yaşım olanda telefona çıxışım yox idi. İndi “Youtube” var. Bizdə uzun müddət bu kompüterlərdə oldu, sənin internetin ona yetmirdi. Sonra sürətli internet çıxdı, ona çıxışım isə 22 yaşda oldu. İndi 22 yaşlı uşaqların 2 albomu var, “Spotify”da, “Youtube”dadır. Bizdən sonra gələn Xperti çox bəyənmişəm, Pasterin son dövrlər fəaliyyəti, musiqiyə yanaşmağı, yeni janrlar üzərində işləməyi yaxşıdır. Daha cavan uşaqlar var. Sonrakı illərdə Okaberin nə qədər mahnıları çıxıb ki, çox xoşuma gəlirdi, dinləyirdim. Hər biri ilə qarşılıqlı hörmət, münasibət var. Bu münasibət də əsasən iş üzərində formalaşıb. Biz necəsə ortaq ideyalar üzərindən tanış olmuşuq. Bu gün rahatlıqla onların adını çəkirəm. Ümid edirəm ki, tutduqları yol davam edəcək, öz istedadlarından kifayət qədər istifadə edib öz həyatlarını, həm də ümumilikdə musiqi sənayesini gözəlləşdirəcəklər.
– 2019-cu ildə Miri Yusifə “Xalq artisti” fəxri adı verildi. Lakin bu ad səs-küysüz ötüşmədi. Cəmiyyəti narahat edən bir səbəb var idi. Niyə reperə “Xalq artisti” adı verilib? Sizin bu mövzuda fikriniz nədir?
– Birincisi, Miri Yusif reper deyil. Özü də buna qarşı çıxır. “Dəyirman” fəaliyyətini bitirəndən Miri Yusif solo yaradıcılığa başladı. Orada reqqi motivləri, soft-rok, pop, bəzən estrada var idi. Bu adlar məsələsi məni heç vaxt maraqlandırmayıb. Günü bu gün də bilmirəm ki, o ad sənə nə verir. Ola bilər ki, 47 manat pensiyası var, pafos məsələsidir və sairə. Yeganə ifaçıdır ki, mütəmadi olaraq konsertlər verir, əsas ad odur. Bu adam zal doldurur. Ola bilər kiminsə toyu ondan çoxdur, ancaq musiqiçinin göstəricisi dinləyicisidir. O qədər kütləni ora yığa bilirsə, nəyisə düz edir. O adı niyə verirlər, kim verir, nəyə əsasən verir – bildiyim bir sistem deyil. Verirlərsə, hamıya versinlər də. Ola bilər ki, kimlərsə, layiqdir almayıb. Meyarı nədir bilmirəm, ancaq bilirəm ki, rep karyerasından sonra bir ifaçı yarandı və başladı tozlanmış zalları doldurmağa. Bu, özü böyük bir işdir. Bu, “Xalq artisti” adı almağa kifayətdirmi, ya yox, mən bunu bilmirəm. Adam Azərbaycan estradası üçün kifayət qədər işlər görüb. Səsinə peşəkarlar qiymət versin. Yaxşı mahnıları, hitləri çıxır, tədbirlərə dəvət alır, sevilirsə, ən böyük ad odur.
– Səsin neçə oktava olmasının bir önəmi var?
– Səsin neçə oktava olması müasir musiqidə super hit yazmaq üçün əsas faktor deyil. Milyonlarla baxış, “stream” – söhbət real baxışlardan, bir konfet müqabilində yazılan rəylərdən getmir. Uzağa getməyək, Rihannanı götürək, onda Uitni Hyustonun səsi yoxdur, yaxud da adi “Voice” verilişlərinə elə adamlar çıxır ki, səsi Rihannadan da, Lana Del Reydən də güclüdür. Ancaq onlar haradadır, bu adam haradadır. Elə dövr gəlib ki, hər şey daha çox sadələşib. Düzdür, bu, peşəkar musiqiçilər üçün üzücü faktdır, ancaq mən reallığı deyirəm. Dünyada populyar olan mahnılarda müğənnilərin hansısa boğazlarına çox nadir hallarda rast gəlirsən. Onlar da ki, Adeldir, Mayli Sayrusdur və sairə. Türklərdə də, ruslarda da kimsə hansısa ritm üstündə yaddaqalan sözlər deyir və “tutur”. Bu, faktdır, biz heç nə deyə bilmərik!
– “İncəsənət öpüşmək kimidir, birtərəfli olanda sayılmır” demisiniz. Təktərəfli öpüşənlərə nə demək istərdiniz?
– İnsanlar bir sənətlə məşğuldursa, bunu təqdim edir. İkinci dodaq gördüyü münasibətdir, sevgidir. Təktərəfli öpüşmək odur ki, sən özün üçün yazırsan, özün üçün çəkirsən, nəyisə bəstələyirsən qoyursan evdə. Bu, bəzi adamlar üçün xoşdur, bölüşmək istəmir. Amma o heç vaxt tam olaraq onun zövqünü ala bilməyəcək. Bu iki səbəbdən ola bilər, bir insan diqqət istəmir, ikincisi isə o qədər kompleksli və narahatdır ki, birdən min nəfər bəyənər, min birinci nəsə deyər ki, bu yaxşı deyil, özümdən çıxaram düşüncəsindədir. Elə düşünürsə, o, artıq uduzmuş, zəif insandır.
Sən pəncərədən çölə çıxırsansa, səni yüz adam görəcək. O yüz adamın yüzü də səni bəyənməyəcək. Kimsə deyəcək qarnı çıxıb, kimisi deyəcək saçı pisdir, kimlərsə deyəcək ki, nə qəşəng adamdır. Sən buna hazır olmalısan. Adam var – hazır deyil və o öpüşməyin nə olduğunu bilmir. İncəsənət səni tanımayan adamın sənə münasibətidir. Pisə fokuslanmaq lazım deyil. Mən fokuslanmıram. Amma durduğun yerdə telefonuna “youtube”dan hansısa şərh gəlir. Tanımadığın bir insan başqa bir şəhərdə oturub bu mahnıya qulaq asır, sənə nəsə yazırsa, bu maraqlı bir enerjidir və daha çox incəsənətdə mümkündür. Yəni, deyək ki, hansısa yaxşı ustanın bu dünyaya xeyri məndən çoxdur, ancaq o bunu tam da hiss etmir, gedir, düzəldir, yerindəcə “çox sağ ol” deyirlər və bitdi. Nadirən ola bilər ki, tanımadığı adam illər sonra desin ki, filankəs dayı, sən hamamı elə düzəltmisən ki, beş ildir çimirik, əladır. İncəsənətin bu üstünlüyü var. Ona görə bundan faydalanmaq lazımdır ki, həyat daha gözəl olsun.
– Yaxın aylarda atanızı itirdiniz. Yenidən “Atalar və oğullar” mövzusuna müraciət etməyi düşünürsünüz?
– Bu cür mahnılar planlı şəkildə yazılmır. “Atalar və oğullar” layihə idi. Filmə baxmışdım, o mövzu qabarıq idi. Bu mənim həyatımdan daha çox filmin soundtreki sayılır. Atamı itirmək mənim üçün bir neçə səbəbdən ağır proses idi. Başlıca olaraq ona görə ki, onun xəstə olduğu müddətdə Bakıya gələ bilmədim. Ancaq ölümündən sonra gələ bildim. Elə üst-üstə düşdü ki, Bakıya gəldim, onun 40 mərasimini keçirdik. Aylar sonra gəlsəydim, mənə bu qədər toxunmazdı. Amerikada gözlədiyim sənədi mənə bir ay tez versəydilər, çatardım. O sənədi 13 ay gözləmişdim. Bu məsələ məni bir az üzür, həm də müəyyən şeyləri dərk etməyim üçün bir mesaj idi. Bu mövzuda nəsə yazarammı, bilmirəm. Bu dəqiqə planım yoxdur. Ancaq məndə bəzən olur, hadisənin üstündən 2 il keçir və yazıram. Buna görə istisna etmirəm.
– Taleyə, qismətə inanırsınız? İnanırsınızsa, niyə deyirlər ki, gələcəyimiz öz əlimizdədir?
– Sənin hansısa bir ehtimalın var ki, bu dünyada 70-80 il yaşayacaqsan. Bu, ehtimaldır, fakt deyil. Bu ehtimal üzərindən onun necə keçməsi üçün əlindən gələni etməlisən. Ancaq sənin əlindən gələnin deyək ki, 60%-i burada rol oynayır. Sənin yerdə qalan 30-40%-ə görə heç nə etməməyin də düzgün deyil. Sən 60%-i et, bəlkə, tale, qismət sənə mane olmayacaq – kifayət qədər yaşayacaqsan, sağlam olacaqsan, gözlənilməz heç bir faciə baş verməyəcək. Belə olan təqdirdə sən yaxşı yaşamaq üçün nə etmisən?
İnsanlar var ki, hər bir şey üçün çalışıb, oxuyub, işini qurub birdən həyatında faciə baş verib. O adam əlbəttə çox üzülür. Biri də var ki, sən avara kimi gəzirsən, 70-80 yaşına çatırsan, həyatında da heç nə olmur. Sonra da deyirsən ki, qismətimdə yaxşı həyat yox imiş. Soruşmaq lazımdır ki, bəs, sən neyləmisən ki, nəsə də olsun?
Tam olaraq tale, qismətin olmağı nə dərəcədədir biz bunu bilmirik. Bu, ilahi bir prosesdir. İnsanlar var ki, dini inancları yoxdur. Enerji məsələsinə inanırlar. Hər bir insanın bu məsələyə bir münasibəti var ki, hara fırlatsaq da, biz bunu dəqiq bilmirik. Çünki heç kim sübut edə bilməz. Fakt odur ki, çörək almaq istəyirsənsə, marketə getməlisən. Evdə otursan, o çörək gəlməyəcək. Həyatdakı bütün uğurlar belədir, sən nəsə etməlisən. Əlbəttə, çörək almağa gedəndə səni maşın da vura bilər, dükan bağlı da ola bilər, çörək bitmiş də ola bilər. O başqadır. Ən azından cəhd etmək lazımdır.
– İnsan təbiəti yaşadığı mühitlə uyğunlaşır. Bəs sizdə necədir?
– Bu, məndə çətin prosesdir. Bunu gözəl bacaran adamlara qibtə edirəm. Bir yaşa qədər bu daha asan olur. 30-larda bu daha çətindir. Çünki 15 illik dostların var, o ifadə nədir bilirsən. Onun fonunda kiminləsə tanış olursan, deyib-gülmək, səyahət etmək… bunları etmək asandır. Ancaq bir yerdən o tərəfə həmin adamları buraxa bilmirsən. Adam da var ki, insanlara səthi yanaşır, hamıyla eyni münasibəti qurur. Bu, artıq xarakterdir. Mənə bir az çətindir. Ancaq getdiyim vaxta baxanda, 6 ilin sonunda çox şeyə öyrəşmişdim. Nyu-Yorkda özümü rahat hiss edirdim. Hətta Amerika daxilində səyahət edəndə hiss edirdim ki, Nyu-York üçün darıxıram. Oranın yeri başqadır.
– Sizcə, yaşımızın limit müddəti artsaydı, hansı yöndə dəyişərdik? Məsələn… 300 il…
– Bir insan bu gün də var ki, 100-110 il yaşayır. Amma onlar 70-dən sonra qoca olurlar. Sən 300 il yaşayacaqsansa, 70-dən sonra qoca olacaqsansa, o 230 il yaşlı adam kimi evdə oturacaqsansa, bu, mənasızdır. Yox, əgər bölünsə ki, 100-ə qədər gəncsən, 200-ə qədər ortayaşlısan, təsəvvür edəndə düşünürsən ki, insan hər şeydən bezər. Amma gərək çox azad dünyada yaşayasan. Azərbaycanda yaşasan, 100% bezərsən. Həyatı yenidən başlamaq üçün həmişə daha çox şansın olar. İndi elə deyil, 40-a çatanda deyirsən ki, hara köçüm? Sıfırdan başlayım? Biri də var ki, 40-da köçürsən, 100-150 il var, hər şey əladır. Onun yaxşı tərəfləri çoxdur yəqin ki. Bir də dəyərin azalması var. Hamı deyir, ancaq heç kim qədrini bilmir. Ömrümüzdə nə qədər saatlar var ki, tavana baxmışıq, divanda oturub gic-gic kinolara baxmışıq, bilə-bilə ki, bizim ömrümüzdən gedir. Yəqin 300 il olsa, daha çox seriala baxardıq (gülür – red.)
– 3 il öncə avtomobil qəzası keçirmişdiniz, o zaman postda “Bu bir neçə gündə bəzi şeyləri artıq dərk etmişəm” sözlərini yazmışdınız. Həmin an nələri dərk etmişdiniz?
– Bu qəza həyatımda bir dönüş nöqtəsi idi. Biz bunu həmişə bilirik ki, ölüm qaşla-göz arasındadır. Çox sadə bir yerdən keçirsən, hansı ki, maşınların sürəti 20-30 km/saatdır. Qəfil səni maşın vurur və sönürsən. Heç vaxt ayılmaya da bilərdim. Bir saniyənin içində baş verdi, mən yox idim. 30 dəqiqə sonra Təcili Yardım maşınında ayıldım. 3 gün sonra hospitaldan çıxdım. Bu, mənə mesaj oldu ki, həyat budur. Sən gedirsən və yoxsan. Bu hadisə həyat eşqimi, pozitivliyimi daha da artırdı. Bu, Allahın mənə verdiyi şans idi ki, dəyərləndirim. Çünki mən pessimist insan idim, mahnılarımda da bu hiss olunurdu, ondan sonra həyata başqa cür yanaşmağa başladım.
– Ümumilikdə, Amerika sizə nəyi öyrətdi?
– Azərbaycanda yaşayanda uyğunlaşmadığım bir məsələ var idi – pafos, insanların əşyalara meyilliliyi. Gördüm ki, Amerikada hamı sadə yaşayır, daxili dəyərlərə üstünlük verirlər. Nyu-Yorkda yaşayıram, metroyla gedəndə əminəm ki, bir nəfər 100 milyondan çox pulu olan adam var. O, səninlə qatarda gedir və pafosdan o qədər uzaqdadır ki…
Orada azərbaycanlıları, yaxud MDB-dən olanları asan seçmək olur. Hansısa məhəlləyə girirsən, görürsən ki, hansısa 30-40 minlik maşının yanında biri özünü o qədər “dartır” ki… Baxırsan ki, nədir də bu? Amerikada bu, çox əlçatan bir şeydir. Amerikaya gəlmisən, burada da ondan əl çəkmirsən. Saatını kiminsə gözünə soxursan. Baxan kimi bilirsən ki, ya bizimkidir, ya rus, özbək, yaxud da erməni. Hansısa irlandın bunu eləmə ehtimalı çox azdır. Yaxud da orada maşınlarda hansısa nömrələr olur, onların qiyməti 30-40 dollardır. Nömrələrdə yazılanlardan bilmək olur ki, bizimkidir, ya da qonşu millətlər. Sən orada “London”, “Dublin” yazısı görməzsən. Xırda əşyalar üzərindən pafosa meyilimiz çox istərdim ki, azalsın. Görürsən ki, insanlar bunlar olmadan nə boyda inkişaf edib, necə böyük pullar qazanır. O pulu elə xərcləyir ki, sənin ruhun da incimir, çünki özü üçün xərcləyir, kiməsə göstərmək üçün yox. İnsanlarımızda xoşbəxt olmaqdan öncə, xoşbəxt görünmək gəlir. Adam düşünür ki, filan şəhərə getsəm, istirahətim yaxşı alınacaq, ancaq fotolar yaxşı alınmayacaq. Ona görə məcbur qalır ki, ekstra pul xərcləyib, bahalı yerə getsin. Orada çox xoşuna gəlməsə də, qoy, camaat desin ki, buna bax, həyatı yaşayır! Həyatını yaşa, ölüb gedəndən sonra nə instaqram qalacaq, nə də başqa bir şey. Faydasını görməyəcəksən, bizə qalan xatirələrdir, onları bol etmək lazımdır.
– Amerika haqda ən böyük yalan hansıdır?
– Amerika haqda ən böyük yalan demokratiyadır. Ora ikili standartlar ölkəsidir. İrqçiliklə mübarizə aparılır. Ancaq irqçiliyin yaradanı ölkə elə Amerikadır. Harasa girəndə səndən irqini soruşur. Dünyanın başqa bir yerində belə bir şey görməmişəm. Yaş, cins soruşurlar, amma mənim irqim sənin nəyinə lazımdır? Ən böyük yalan insanların bərabərhüquqlu olmasıdır.
– İrqçilik, bərabərhüquqluluq demişkən, illər öncə “Dəyirman”ın “Mavi mavi” adlı mahnısı var idi. Böyük səs-küyə səbəb olmuşdu. Sizcə, belə bir mövzuya toxunmaq nə qədər doğru idi? Hazırkı reperlər bunu edərlər, ya sosial media linçindən çəkinərlər?
– Mahnılardakı nifrət, homofobiya, seksizim əvvəl də var idi. Təkcə Azərbaycanda deyildi, məsələn; Tarantinonun “Pulp Fiction” filmində dəhşətli dərəcədə qadını aşağılamaq, “qara” ilə məzələnmək faktı var. Onun özünü belə bu dəqiqə çəkmək çətin olar. Amma o vaxtlar insanlar bunu kino kimi qəbul edirdi. Baxırdı ki, kinodur, “qara” ilə məzələnir, qıza fahişə deyir, ancaq ciddi qəbul etmirdi. Müasir dövrdə, düzdür, Amerikada o bir az qabarıqdır, artıq heç kimlə zarafat etmək olmur. Bizdə təbii olaraq Sovet dövründən çıxmışıq, Qafqaz, İslam dini faktoru var və biz bunun bir çox dəyərlərini dərinə gedib analiz etmirik deyə, asan olana qaçırıq – hansısa azlıqları söyək, xaric edək. Musiqidə də bu var idi, mənim özümdə də var idi.
Elə məhlələrdə böyümüşəm ki, belə fikirlər yaranmışdı. Ancaq getdikcə başa düşürsən ki, insan deyə anlayış var və məsələnin kökündə o durur. Onun cinsi seçimlərinin, orientasiyasının şəxsən sənə istisi, soyuğu yoxdur. Niyə qarışırsan ki?
Bir tərəfdə sənin illərlə mübarizə apardığın maskulin adam var, qadına yuxarıdan aşağı baxır, geyləri daşlayır. Amma baxırsan ki, çox əclaf insandır, ətrafa nə qədər ziyan vurur, hansısa səlahiyyətindən sui-istifadə edir. Yaxud fiziki gücü var, zəifləri incidir. Baxırsan ki, bu yaxşı olmaq üçün kifayət edən faktor deyilmiş.
Amma o birinin sənə uyğun olmayan şəxsi həyatı var, səninlə işi yoxdur, öz həyatını yaşayır. Sənə siqnal gəlməyə başlayır ki, mən buna niyə qarışım? Hansısa qadının həyatına niyə müdaxilə edim? Tutaq ki, biz iş görürük, heç bir şəxsi münasibətimiz yoxdur. O işdən sonra nə edir, nə etmir, ona niyə qarışmalıyam? İşimizi görürük, ünsiyyətimiz, hər şeyimiz əladır, qarşılıqlı hörmət var…
Ya da başqa bir oğlanla çalışırsan, o evində oğlanla, ya qızla yaşayırsa, bunun işimə nə aidiyyəti var? Əgər mənə toxunsa, tələb etsə ki, belə et, elə et, o başqa məsələdir, şəxsi dairəmə müdaxilədir. Amma belə, təbii ki, dövr dəyişir.
Bir çox insan bu mövzuda mahnı yazmır, çünki qorxur ki, sosial media tərəfdən tənqid olunar. Rusiyada da artıq beyinlərdə dəyişiklik var, çünki orada da homofobiya qabarıq idi. Hansısa yaradıcı insanlar nüfuzu var deyə, düzgün formada izah edirdi ki, insanların işinə qarışmayın. Mən heç nəyi aşırı təbliğ etməyi xoşlamıram. Məsələn, qarşı cinsə marağım var, onu necə təbliğ edə bilərəm? Varsa, var, yoxdursa, yoxdur, vəssalam. Onun əksini də necə təbliğ etmək olar? Kimdə nədirsə, odur. Sadəcə başa salmaq lazımdır ki, filankəsi işə götürürsənsə, onun şəxsi həyatına müdaxilə etməməlisən. İnsanlar bir-birinə qarşı bu sərhədləri qoruya bilsə, dünya daha gözəl yerə çevrilər.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Reper #Orxan #Zeynallı #ölkədən #niyə #getdiyini #AÇIQLADI #2014cü #ildə