fbpx

Bu yenilik karqo şirkətləri və qiymətlərə necə təsir edəcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, “Trendyol” şirkəti Azərbaycan istifadəçilərinə yeni seçim şansı yaradıb. Artıq vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək sifarişi saytdan birbaşa evlərinə qədər sifariş verib qapılarında təhvil ala bilərlər.

Bəs bu Azərbaycanda fəaliyyət göstərən karqo şirkətlərinə necə təsir edəcək? Ümumiyyətlə, Türkiyənin aparıcı e-ticarət platformasının Azərbaycan üçün çatdırılma xidmətini aktiv etməsi məhsulların qiymətinin bahalaşmasına səbəb ola bilərmi?

Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, “Trendyol”un sırf Azərbaycan müştəriləri ilə bağlı ayrıca qiymət qoyması məntiqlə mümkün deyil.

Natiq Cəfərli

““Trendyol” qlobal satış platformasıdır,yeni yaradılan bu xidmətə görə Azərbaycandan sifariş verən alıcılar üçün xüsusi qiymət qoyulması problem ola bilər. Hətta belə bir şey olsa belə, Azərbaycanda insanlar VPN vasitəsilə başqa ölkənin müştərisi kimi platformaya daxil olub, məhsul ala biləcəkdir. Amma daşıma xərclərinin artması məsələsində müəyyən problemlər yaşaya bilərik. Çünki burada bir müəyyən rəqabətli mühit yaranmışdı. Karqo şirkətlərinin çox olması səbəbindən vətəndaşlar sifariş verərkən seçim imkanları da yaranırdı. Əgər kiçik və orta karqo şirkətləri rəqabətə davam gətirməyərək bazardan sıxışdırılıb çıxarılarsa, bu zaman “Trendyol”a bağlı karqo şirkətlərinin daşıma qiymətlərini arta bilər. Təəssüf ki, müəyyən dərəcədə daşıma xərclərinin artması ilə əlaqəli bizim vətəndaşların sifariş etdiyi məhsullar da, əvvəlki aylara nisbətən baha başa gələcəkdir”.

Bir neçə gündür sosial şəbəkələrdə də əsas müzakirə mövzusuna çevrilən bu məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən karqo şirkətlərinin də fikrini öyrənmək istədik. Türkiyə və Amerikadan daşımalar həyata keçirən “Koli” şirkətinin nümayəndəsi, Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov Metbuat.az-a bildirdi ki, birbaşa Azərbaycana çatdırılma xidməti bazara təsir edəcək:

Nicat Manafov

“Ölkəmizdə karqo kimi fəaliyyət göstərən şirkətlər əslində karqo yox, yönləndirmə şirkətləridir. Bu gün Türkiyədən sifariş olunan məhsulların 75%-dən çoxu məhz “Trendyol”dan olur. Nəzərə alsaq ki, artıq “Trendyol” çatdırılmanı saytına bir-başa inteqrasiya edib, əlbəttə bu bazara təsir edəcək. Sözün həqiqi mənasında da ölkəmizdə yönləndirmə şirkəti tələbdən on dəfə artıq idi, 30-40 min azn tapan müdir olmaq üçün bu tipli şirkətlər qururdu. Onların heç bir strategiya, heç bir yol xəritəsi yox idi və bir mağazadan asılı idilər”.

Nicat Manafov hesab edir ki, qısa müddətdən sonra bir çox karqo şirkətləri bağlana bilər.

“Təəssüflər olsun ki, yayın ortalarına doğru bir çox yönləndirmə şirkətinin bağlandığının şahidi olacağıq. “Trendyol”un bir başa çatdırılacağı artıq 6 aydan çoxdur ki, bazarda bilinirdi. Düşünürəm ki, ağıllı biznesmenlər mütləq şəkildə özünə alternativ yol tapmalı idi”.

Uzun müddət bir neçə şirkətin PR və Marketinq kommunikasiyaları üzrə məsul şəxsi kimi çalışan Samir Əfətlinin fikirlərinə görə, gələcəkdə nəyin baş verəcəyini bilməsək də, hələki iki seçim vasitəsi ilə müştərilər sifarişlərini verə bilərlər.


Samir Əfətli

““Trendyol”un tərəfdaşlıq etdiyi şirkətin Bakıdakı təhvil məntəqələrinə məhsulların çatdırılması ilə bağlı açıqlaması bəzilərində elə təəssurat yaradıb ki, sanki digər şirkətlər bundan sonra bağlanacaq. Xeyr, hələ ki iki seçimvasitəsi yəni həm əvvəlki qaydada istifadə etdikləri daşıyıcı şirkətlərin Türkiyədəki anbarlarına sifarişi verməklə və ya “Trendyol”un yeni təqdim etdiyi təhvil məntəqəsini seçməklə sifarişlərini verə bilərlər. Amma, ümumiyyətlə, yeni nəyinsə baş verəcəyini birlikdə izləyib görəcəyik”.

“Trendyol”un Azərbaycana birbaşa göndəriş proyekti çərçivəsində onlarla əməkdaşlıq edən “Starex” şirkətinin həmtəsisçisi Sabir Niftəliyev Metbuat.az-a yeni işbirliyinin perspektivli olduğunu qeyd etdi və müsbət tərəfləri barədə danışdı:


Sabir Niftəliyev

“Bildiyiniz kimi, “Trendyol” özünün texnologiya, logistika və istehsalat sahəsində mövcud təcrübəsini “PAŞA Holding”in Azərbaycan bazarında olan təcrübəsi ilə birləşdirəcək. Hesab edirəm ki, bu əməkdaşlıq və ortaqlıq çərçivəsində gələcəkdə artıq “Trendyol”un Azərbaycanda birbaşa təmsil olunması, Azərbaycanda müştəri olaraq anbar tutmaqları, və məhsulların toplanaraq həmin anbarlardan sifariş olduğu təqdirdə müştərilərə göndərişi həyata keçirilməyə başlayacaq. Bunun da çox müsbət tərəfləri var. Artıq Azərbaycan satıcıları da bu gün bu istiqamətdə fəaliyyət göstərən “Umico”ya qoşulduqları kimi, “Trendyol”a da qoşulub burada satışlarını həyata keçirə biləcəklər. Bildiyiniz kimi, “Trendyol” artıq qlobal şirkətdir, təkcə Türkiyədə və Azərbaycanda fəaliyyət göstərmir, eləcə də Avropada, bəzi ərəb ölkələrində, Afrikada da fəaliyyət göstərir. Bu eyni zamanda Azərbaycan satıcılarının digər ölkələrə də çıxışının təmin olunmasına şərait yaradacaq”.

Hazırda bir çox marka və brendlər “Trendyol”da Azərbaycana birbaşa sifariş edildiyi halda alıcılar üçün əlçatan görünmür. Sabir Niftəliyev bunun səbəbini həmin markaların Azərbaycanda daxili bazasının olması ilə əlaqələndirdi:

“Hazırkı proyekt çərçivəsində görünən budur ki, “Trendyol” ümumilikdə Türkiyə bazarında müştərilərinə təqdim etdiyi məhsulların hamısını Azərbaycan bazarına çıxarda bilmir. Bu da səlahiyyətlə bağlı olan bir şeydir. Bəzi qlobal markalar ayrı-ayrı ölkələrdə oflayn şəkildə distribütorları üzərindən təmsil olunurlar. Həmin distribütorların maraqlarını qorumaq naminə hələlik o markaların satışına “Trendyol” icazə vermir. Amma yaxın gələcəkdə vəziyyət dəyişə bilər. Çünki, onlayn ticarət yavaş-yavaş oflayn ticarəti sıxışdırır və bunun fonunda təbii ki, digər şirkətlər də artıq strategiyalarında dəyişiklik edib, paralel olaraq “Trendyol”da və yaxud birbaşa onlayn satışı ilə bağlı yeni strategiya müəyyən eləyə bilərlər. Amma bu gün fakt bundan ibarətdir ki, “Trendyol” bütün məhsulların Azərbaycana çatdırılmasını etmir. Onu da qeyd edim ki, bizim əməkdaşlığımız hazırda birbaşa “Trendyol”la deyil, onların logistika üzrə Türkiyədəki böyük şirkətlərdən olan “Araz Karqo” ilə partnyorluğumuz var. Biz “Araz Karqo”nun partnyoru kimi “Trendyol”un Azərbaycana göndərdikləri məhsulun həm birbaşa adreslərə, həm bizim filiallar üzərindən, həm də Azərpoçt vasitəsilə çatdırmalarını həyata keçirəcəyik. Yəni “Trendyol”un hazırda platformada görünən hər iki çatdırma üzrə gələcəkdə başqa partnyorlarla da işləmə ehtimalları var. Bununla bağlı yəqin ki, yaxın gələcəkdə yeni məlumatlar ictimaiyyətə də bildiriləcəkdir”.

Bəs yeni xidmətin istifadəyə verilməsi daşıma qiymətlərini bahalaşdıra bilərmi?

“Qiymətlə bağlı görünən budur ki, hal-hazırda təklif olunan qiymət daha münasib görünür. Belə ki, “Trendyol”un səhifəsindən birbaşa Azərbaycana çatdırılması mümkün olan məhsulları eyni istehsalçıdan, eyni şirkətdən, sifariş etdiyinizdə cəmi səbət üzrə daşıma xərci 59 TL ödəniş etməklə istədiyiniz qədər məhsul ala bilirsiniz. Bu beş və 10 ədəd olsa da, ancaq bir dənə qiyməti hesablanır. Əvvəlki variantda orada sifarişin bir səbət deyil kiloqramı nəzərə alırdı. Paket üzrə və yaxud da bir sifariş üzrə bir neçə paket göndəriş ola bilərdi ki, hər paketə görə ayrılıqda ödəniş tələb olunurdu. Ola bilər ki, daha az sifarişlərdə 59 TL müştəri üçün cəlbedici olmasın, amma daha böyük, xüsusilə ağır sifarişlərdə müştərilər üçün bu qiymət daha münasib görünür”.

Müsahibimiz qeyd etdi ki, “Trendyol”un Azərbaycana birbaşa sifarişləri göndərməsi digər kiçik karqo şirkətlərinə də təsirləri olacaqdır.

“Bu gün bizim karqo bazarındakı problem təkcə regionun, ya da başqa bir şirkətin birbaşa göndəriş etməyi ilə bağlı məsələ deyil. Bizim, ümumilikdə bazarın problemləri var. Pandemiya ərəfəsində artan tələbdən dolayı 200 yüzə yaxın şirkət qeydiyyatdan keçdi. Onların təqribən yüzdən çoxu aktiv şəkildə bazarda fəaliyyət göstərirdi. Pandemiyadan sonra azalan tələbat şirkətlər üçün problem yaratdı. Yeganə rəqabət üstünlüyümüz qiymət üzərində oynayırdı. İndi “Trendyol”un birbaşa göndəriş eltməsi həmin şirkətlər üçün əlavə problemlər yaradacaq. Həmin şirkətlərin mövcud xərclərini qarşılaya bilmədiyi təqdirdə yavaş-yavaş bazardan çıxmağı gözlənilir. Bu mənada təsir qaçılmazdır, amma qiymətlərin bahalaşaması ilə bağlı demək olar ki gözlənti yoxdur, hətta daha da ucuzlaşmaqla bağlı proqnoz vermək olar”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#yenilik #karqo #şirkətləri #və #qiymətlərə #necə #təsir #edəcək

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin