EvXəbərlər“Gizli qatil” süfrəmizdə: - Tezyetişən qarpızlar insanı necə zəhərləyir?

“Gizli qatil” süfrəmizdə: – Tezyetişən qarpızlar insanı necə zəhərləyir?

Published on

spot_img

Mayın sonu və yayın əvvəlində satılan qarpızlar mütləq şəkildə təhlükəli olmasa da, məhz tezyetişən məhsulların keyfiyyəti, yetişdirilmə və saxlanma şəraiti daha çox sual doğurur.
Publika.az xəbər verir ki, bu barədə “Rosbiotech” Universitetinin Qida təhlükəsizliyi kafedrasının baş müəllimi Anna Cabakova”Gazeta.ru-ya danışıb.
O bildirib ki, əsas risk nitratlardan daha çox logistika, sanitariya qaydalarının pozulması və yetişmə prosesini süni şəkildə sürətləndirmək cəhdləri ilə bağlıdır.
“Tezyetişən qarpızların hamısının “kimyəvi maddələrlə doldurulması” barədə mif əbəs yerə yaranmayıb. Mövsümün əvvəlində məhsulun bir hissəsi həqiqətən də gübrə və boy stimullaşdırıcılarından aktiv istifadə edilməklə yetişdirilir. Lakin bu gün erkən qarpızlar təkcə aqrotexniki müdaxilə ilə deyil, həm də istixana texnologiyaları, cənub bölgələrində yetişdirilmə və idxal sayəsində satışa çıxarılır”, – deyə mütəxəssis izah edib.
Bununla belə, tezyetişən qarpızlarda nitratın miqdarının yüksək olması riski mövsümün qızğın vaxtı ilə müqayisədə daha yüksəkdir. Nitratlar öz-özlüyündə zəhər deyil və bitkilərin böyüməsi üçün lazımdır. Problem yol verilən normalar aşıldıqda başlayır. Buna qarşı xüsusilə uşaqlar, hamilə qadınlar, mədə-bağırsaq və ürək-damar sistemi xəstəlikləri olan insanlar həssasdırlar.

“Təcrübədə isə çox vaxt nitratlar deyil, bakteriyalar və düzgün saxlanılmama daha təhlükəlidir. Qarpız yüksək su və şəkər tərkibinə malikdir, bu isə mikroorqanizmlərin çoxalması üçün ideal mühitdir. Əgər meyvə istidə, yol kənarında saxlanılırsa, üzərində çat və zədələr varsa, bağırsaq infeksiyalarına yoluxma riski “kimyəvi zəhərlənmə” riskindən qat-qat yüksək olur”, – deyə ekspert xəbərdarlıq edib.
Digər bir problem isə kəsilmiş qarpızların satışıdır. Çoxları yay temperaturunda bakteriyaların şirin və nəm lətdə nə qədər tez çoxaldığını nəzərə almır. Qarpızın çirkli bıçaqla kəsilməsi və ya soyuducusuz saxlanması xüsusilə təhlükəlidir. Bu səbəbdən sanitariya xidmətləri mütəmadi olaraq xəbərdarlıq edir ki, küçə ticarəti yerlərindən qarpızın yarısını və ya dörddə birini almaq doğru addım deyil.

“İnsanları şübhələndirməli olan vizual əlamətlər də var. Parlaq parıltılı, qeyri-təbii dərəcədə qırmızı lət, daxildəki sarımtıl damarlar, sulu struktur və qarpıza xas qoxunun olmaması ya məhsulun kal olmasından, ya da yetişdirilmə zamanı qayda pozuntularından xəbər verir. Lakin nitratın miqdarını vizual olaraq təyin etmək qeyri-mümkündür, məşhur xalq üsullarının əksəriyyəti burada işə yaramır”, – deyə mütəxəssis əlavə edib.
Mövsüm amilini də nəzərə almaq vacibdir. Qarpızların təbii kütləvi mövsümü yayın ikinci yarısına, xüsusən də avqust ayına təsadüf edir. Bu dövrə nə qədər yaxın olarsa, prosesi sürətləndirmədən, təbii yolla yetişmiş qarpız almaq ehtimalı bir o qədər yüksəkdir.
“Əgər yayın əvvəlində çox qarpız yemək istəyirsinizsə, məhsulu magistral yolların kənarından və ya qeyri-qanuni bazarlardan deyil, rəsmi ticarət nöqtələrindən seçmək daha yaxşıdır. Meyvə bütöv, çatsız və əziksiz olmalıdır. Hətta keyfiyyətli tezyetişən qarpızı belə, xüsusən də istidə uzun müddət qaldıqdan sonra dərhal çox miqdarda yemək tövsiyə edilmir”, – deyə o, məsləhət görüb.
Hüseyn İbadlı

Latest articles

More like this