Vladimir Putinin imzaladığı fərmana əsasən, Rusiyadan Azərbaycana 1 milyon rubldan (20225,70 manat) artıq nağd pulun gətirilməsinə məhdudiyyət qoyulub. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə nağd rublun ölkədən çıxarılması məbləğindən asılı olmayaraq qadağan edilir.
Bəs bu qərar Rusiya ilə işləyən azərbaycanlı sahibkarlara necə təsir edəcək? Nağd ödənişlərə üstünlük verən biznesmenlər üçün hansı çətinliklər yarana bilər? Yeni qərar daha çox hansı biznes sahələrində hiss olunacaq?
Mövzu ilə bağlı iqtisadçı Razi Abasbəyli BEY.AZ-ın suallarını cavablandırdı. O bildirdi ki, bu qadağa müəyyən çətinliklər yaradacaq:
“Lakin demək olmaz ki, bu, birmənalı olaraq onların işinin dayanmasına və yaxud da axsamasına gətirib çıxaracaq. Çünki alternativ bank kanalları mövcuddur. Müxtəlif banklar və yaxud hüquqi şəxslər üzərindən ödənişlər həyata keçiriləcək. Yeni maliyyə əməliyyatlarına ehtiyac yaranacaq.
Məsələn, bir iş adamı məcbur olaraq vəsaiti bir hesabdan deyil, bir neçə hesab üzərindən göndərməyə çalışacaq. Alternativ yollarda həm hüquqi şəxslər iştirak edəcəklər, həm də fiziki şəxslərin hesablarından istifadə oluna bilər. Bu isə həmin sahibkarlar üçün əlavə xərclərin yaranmasına gətirib çıxara bilər. Eyni zamanda, burada başqa xərclər də yarana bilər ki, bu da dövriyyənin intensivliyinin aşağı düşməsinə səbəb olacaq”.
Razi Abasbəyli hesab edir ki, xüsusilə Rusiyadan Azərbaycana tikinti materialları, eləcə də ağır və yüngül sənaye məhsulları göndərən sahibkarlar bu məhdudiyyətdən daha çox təsirlənə bilərlər:
“Əlbəttə ki, xüsusilə Rusiyadan Azərbaycana tikinti materialları, digər ağır və yüngül sənaye məhsulları göndərən azərbaycanlı iş adamları üçün müəyyən çətinliklər yaranacaq.
Bu, təkcə vətəndaşlar üçün deyil, eyni zamanda ölkə üçün tətbiq edilmiş qadağadır. Yəni söhbət Rusiya, Özbəkistan və digər ölkələrin vətəndaşlarının Azərbaycana pul göndərməsindən gedir. Hətta Rusiya vətəndaşı belə bu vəsaiti göndərə bilməyəcək. Söhbət Azərbaycana tətbiq edilmiş qadağadan gedir və bu, biznesin bir sıra sahələrinə ciddi təsir göstərəcək.
Eyni zamanda, Azərbaycanda vacib sənaye məhsullarının idxalı zamanı da çətinliklər yaranacaq. Təchizat problemləri ortaya çıxacaq. Gecikmələr nəticə etibarilə bazarda tələbin qarşılanmamasına, təklifin aşağı düşməsinə gətirib çıxara bilər ki, bu da qiymətlərin bahalaşmasına səbəb olacaq. Burada həm də Azərbaycanın daxili bazarında qiymətlərin bahalaşması ehtimalları yüksələcək”.
İqtisadçı əlavə etdi ki, məhdudiyyətlər Rusiyanın özünün ixrac imkanlarına da təsir göstərə bilər. Onun sözlərinə görə, Azərbaycan və digər postsovet ölkələri Rusiya üçün mühüm ixrac bazarlarıdır:
“Digər tərəfdən, bu prosesdən Rusiyanın özü də ciddi ziyan görə bilər. Çünki Rusiyanın əsas ixrac imkanları məhdudlaşacaq. Bu günə qədər Özbəkistan və Azərbaycana bu qadağa tətbiq edilmirdisə, bundan sonra artıq Azərbaycana və Özbəkistana da tətbiq olunacaq.
Bu ölkələr Rusiyanın əsas ticarət tərəfdaşlarıdır. Azərbaycan və digər postsovet ölkələri Rusiya üçün mühüm ixrac bazarlarıdır. Rusiya bu bazarları daraldır.
Böyük ehtimalla, Rusiyada artıq ciddi istehsal problemlərinin ortaya çıxması, bir sıra məhsulların istehsalında zəifləmə, geriləmə və kiçilmə müşahidə olunacaq. Çünki Rusiya artıq istehsal potensialını həm beynəlxalq sanksiyalar səbəbindən, həm də daxildə xammal təminatı ilə bağlı problemlərdən dolayı aşağı salmaq məcburiyyətində qalıb.
Belə olan təqdirdə, Rusiyada da başa düşürlər ki, vəziyyət ürəkaçan deyil. Aqrar sektorda tədarük göstəriciləri aşağı düşüb. Müharibə şəraiti, əsasən də ordunun saxlanma xərclərinin artması Rusiyanın xarici bazarlarda ixrac potensialını aşağı salır.
Qeyri-neft məhsulları üzrə, xüsusilə də sənaye məhsulları üzrə bura tikinti materiallarını, elektrik cihazlarını və onların hissələrini əlavə edə bilərik. Rusiya artıq bunları istehsal etmək imkanlarını hər gün itirir. Belə olan təqdirdə, bu, Rusiya iqtisadiyyatının ciddi şəkildə kiçilməsinin və zəifləməsinin göstəricilərindən biridir”.
Razi Abasbəylinin sözlərinə görə, məhdudiyyətlər Azərbaycanın daxili bazarına da təsirsiz ötüşməyə bilər:
“Azərbaycan da təbii olaraq qeyd etdiyimiz məqamlara görə bu prosesdən ziyan görəcək. Azərbaycanlı iş adamları, yaxud da qeyri-azərbaycanlı rezidentlər Azərbaycanla Rusiya arasında məhsul ixracı həyata keçirirdilər və ya Azərbaycandan hər hansı idxal əməliyyatlarında iştirak edirdilər. Bu məhdudiyyətlərin və limitlərin tətbiq edilməsi onların fəaliyyətinin zəifləməsinə, xərclərinin artmasına səbəb olacaq.
Nəticə etibarilə, Azərbaycanın daxili bazarlarında da qiymət artımı müşahidə edilə bilər”.
Müəllif: Gülnar Süleymanova
