Ev Blog

Trampdan 2028 MESAJI – Növbəti planını elan etdi

0

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində növbəti prezident seçkilərində iştirakına işarə edən paylaşım edib.
BEY.AZ xəbər verir ki, yayımlanan fotoda siyasətçi MAGA hərəkatının tərəfdarlarının fonunda təsvir olunub. Fotonun aşağı hissəsində isə “Tramp 2028. Amerikanı yenidən möhtəşəm edək” sözləri yazılıb.
ABŞ-ın hazırkı Prezidenti ABŞ Konstitusiyasına edilən 22-ci düzəlişlə müəyyən edilmiş qadağaya baxmayaraq, üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiyini dəfələrlə bəyan edib. O, bu barədə sonuncu dəfə avqustun 1-də danışıb. Tramp hesab edir ki, növbəti ABŞ prezidenti “dahi” kimi görünəcək, çünki ölkədə yeni zavodlar açılacaq, iş yerləri yaradılacaq, ölkə bərpa olunacaq və bütün bunlar onun xidmətləri kimi qiymətləndiriləcək. Məhz buna görə də hazırkı prezident vəzifəsində qalmaq istədiyini bildirib. Trampın bu niyyətində nə dərəcədə ciddi olduğu və əsas qanunda nəzərdə tutulan məhdudiyyəti keçə bilib-bilməyəcəyi ilə bağlı məsələlər sual olaraq qalır

Hüseyn İbadlı

15 yaşlı qız içki məclisində rəfiqələrini bıçaqladı

0

Rusiyanın Sterlitamak şəhərində polis əməkdaşları iki yaşıdına bıçaqla hücum etməkdə şübhəli bilinən 15 yaşlı məktəblini saxlayıblar.
BEY.AZ xəbər verir ki, hadisə yeniyetmələrin böyüklərin nəzarəti olmadan şəhərdəki mənzillərdən birində spirtli içki qəbul etdikləri zaman baş verib.
Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, üç məktəbli qız arasında qəfil münaqişə yaranıb. Mübahisə zamanı onlardan biri mətbəx bıçağını götürərək hər iki rəfiqəsinə xəsarət yetirib. Hadisə yerinə dərhal çevik polis qrupu cəlb olunub. Hücumda şübhəli bilinən yeniyetmə saxlanılıb, yaralanan qızlar isə xəstəxanaya yerləşdirilib.
Qurumdan bildirilib ki, hazırda müstəntiqlər hadisənin bütün təfərrüatlarını araşdırırlar. Araşdırma çərçivəsində hüquq-mühafizə orqanları qızların valideynlərinin uşaqlara nəzarət və onların təhlükəsizliyinin təmin olunması ilə bağlı vəzifələrini yerinə yetirib-yetirmədiyini də yoxlayacaq.

Yeniyetmələrin spirtli içkiyə necə çıxış əldə etməsi və niyə böyüklərin nəzarəti olmadan qalmaları da xüsusi araşdırma predmeti olacaq.

Hüseyn İbadlı

“Klan Soprano”nun ulduzu evində ölü tapıldı

0

“Klan Soprano” serialında Böyük Pussi Bonpensiero rolu ilə geniş şöhrət qazanan 80 yaşlı amerikalı aktyor Vinsent Pastore vəfat edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Məlumata görə, Pastore avqustun 1-də öz evində ölü tapılıb. Aktyoru yaşadığı evdə qonşusu aşkarlayıb. Bildirilir ki, o, bundan əvvəl üç gün ərzində yaxınları ilə əlaqə saxlamayıb.
Aktyorun ölümünün səbəbi və hadisənin digər halları araşdırılır. Pastorenin Rene adlı qızı qalıb.
Vinsent Pastore 1990-cı illərin əvvəllərində “Yaxşı oğlanlar”, “Karlitonun yolu” və “Şərəf adamları” filmlərində kiçik rollarda çəkilsə də, əsl tanınması daha sonra baş verib. Onun karyerasında mühüm mərhələlərdən biri 1995-ci ildə çəkilmiş “Jerky Boys: The Movie” komediyasında, həmçinin 1996-cı ildə HBO-nun “Gotti” televiziya filmində rol alması olub. Həmin filmdə o, sonradan “Klan Soprano” serialında birlikdə çəkildiyi Toni Siriko, Frenk Vinsent və Dominik Kianeze ilə eyni ekranı bölüşüb.

Aktyorun karyerasındakı əsas dönüş nöqtəsi 1999-cu ildə Devid Çeyzin “Klan Soprano” layihəsinin yayıma başlaması olub. Məhz bu serialda Pastore bütün karyerasının simvoluna çevrilən Böyük Pussi Bonpensiero obrazını canlandırıb. Bu personaj baş qəhrəman Toni Sopranonun uzunillik yaxın dostu idi. Toni Soprano rolunu isə Ceyms Qandolfini ifa edirdi.
Hüseyn İbadlı

Daha bir dəhşətli təyyarə qəzası

0

Perunun cənubunda kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli “TVPeru” telekanalına istinadla məlumat yayıb.
Təyyarə ölkənin cənubunda yerləşən Naska geoqliflərinin olduğu arxeoloji kompleksin üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 11 sərnişin və iki pilot olub.

Hüseyn İbadlı

Günün ULDUZ FALI – Diqqət mərkəzində olmaqdan zövq alacaqsınız

0

BEY.AZ 2 avqust 2026-cı il tarixi üçün qoroskopu təqdim edir:
♈ Qoç (21 Mart – 20 Aprel)
Bazar gününü aktiv və enerjili keçirəcəksiniz. İdmanla məşğul olmaq, açıq havada gəzmək və ya fiziki fəaliyyətə vaxt ayırmaq üçün əla gündür. Şəxsi həyatınızda isə təşəbbüsü ələ alaraq sevdiyiniz insanı xoş bir sürprizlə təəccübləndirə bilərsiniz.
♉ Buğa (21 Aprel – 20 May)
Ev və ailə mühitində rahatlıq tapmaq üçün ideal gündür. Yaxınlarınızla birlikdə vaxt keçirmək, evdə kiçik dəyişikliklər etmək və ya dadlı yeməklər bişirmək sizə hüzur verəcək. Maliyyə məsələlərini bu gün tamamilə unudub dincəlməyə diqqət yetirin.

♊ Əkizlər (21 May – 21 İyun)
Ünsiyyət və qısa səfərlər üçün çox uyğun bir gündür. Qohumlar və ya yaxın dostlarla görüşmək, maraqlı söhbətlər etmək əhvalınızı xeyli qaldıracaq. Yeni məlumatlar öyrənmək və ya hər hansı bir kitab oxumaq üçün də vaxt ayıra bilərsiniz.
♋ Xərçəng (22 İyun – 22 İyul)
Maddi məsələlər və şəxsi resurslarınız diqqət mərkəzinizdə ola bilər. Özünüzü daha təhlükəsiz və rahat hiss etmək üçün planlar qura bilərsiniz. Ailə üzvləri ilə birlikdə kiçik alış-verişlər etmək və ya gələcək xərcləri müzakirə etmək üçün əlverişli zamandır.
♌ Şir (23 İyul – 22 Avqust)
Ay sizin bürcünüzdə hərəkətini davam etdirir və bu, sizə xüsusi bir işıltı, cazibə və enerji qatır. Özünüzü ifadə etmək, yaradıcı layihələrlə məşğul olmaq və ya ictimai yerlərdə vaxt keçirmək üçün mükəmməl gündür. Diqqət mərkəzində olmaqdan zövq alacaqsınız.
♍ Qız (23 Avqust – 22 Sentyabr)
Bazar gününü tamamilə dincəlməyə və tək qalmağa həsr etməlisiniz. Zehni olaraq yorğunluğunuzu ən yaxşı şəkildə təbiətdə gəzməklə və ya sakit bir mühitdə kitab oxumaqla aradan qaldıra bilərsiniz. Sağlamlığınıza və yuxu rejiminizə xüsusi diqqət yetirin.
♎ Tərəzi (23 Sentyabr – 22 Oktyabr)

Dostlarınızla bir araya gəlmək, qrup tədbirlərinə qatılmaq və ya sosial həyatda fəal olmaq üçün əla gündür. Gələcək planlarınızı müzakirə etmək üçün dostlarınızdan faydalı məsləhətlər ala bilərsiniz. Sevgi həyatınızda isə ünsiyyət ön planda olacaq.
♏ Əqrəb (23 Oktyabr – 21 Noyabr)
Karyera və ictimai mövqeyinizlə bağlı düşüncələr istirahət günündə də ağlınızda ola bilər. Lakin bu gün işi bir kənara qoyub özünüzə fasilə vermək daha doğrudur. Əgər hər hansı bir tədbirə qatılırsınızsa, liderlik keyfiyyətləriniz dərhal nəzərə çarpacaq.
♐ Oxatan (23 Noyabr – 21 Dekabr)
Məhdudiyyətlərdən uzaqlaşmaq, səyahət etmək və yeni yerlər kəşf etmək üçün səbirsizlənəcəyiniz bir gündür. İyimserliyiniz zirvədədir. Həyata geniş perspektivdən baxaraq ruhunuzu qidalandıracaq fəaliyyətlərə üstünlük verin.
♑ Oğlaq (22 Dekabr – 20 Yanvar)
Dərin düşüncələr, daxili transformasiya və emosional olaraq yenilənmək üçün uyğun zamandır. Yaxın bir insanla səmimi və gizli mövzularda söhbətlər edə bilərsiniz. Maliyyə baxımından ortaq resurslar və ya investisiyalar barədə düşünmək üçün sakit bir gündür.
♒ Dolça (21 Yanvar – 19 Fevral)
İkili münasibətlər, evlilik və ya yaxın tərəfdaşlıq bu gün əsas mövzunuz olacaq. Sevdiyiniz insanla birlikdə vaxt keçirmək, ortaq planlar qurmaq və ya birlikdə harasa səfər etmək münasibətinizi daha da gücləndirəcək.
♓ Balıqlar (20 Fevral – 20 Mart)
Gündəlik qayğılardan uzaqlaşıb sağlamlığınıza və bədəninizin ehtiyaclarına diqqət yetirmək üçün əla gündür. Ev heyvanları ilə vaxt keçirmək, evdə təmizlik və ya səliqə-sahman yaratmaq sizə mənəvi rahatlıq gətirəcək. Axşamı sakit keçirməyə üstünlük verin.
Hüseyn İbadlı

“Sabah” İngiltərə klubundan futbolçu transfer etdi

0

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
BEY.AZ xəbər verir ki, nigeriyalı vinger Kristian Nvaçukvu bundan sonra paytaxt komandasının uğurları üçün çalışacaq.
20 yaşlı futbolçu İngiltərənin “Şeffild Yunayted” klubundan transfer edilib. Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Futbolçu karyerası ərzində Bolqarıstanın “Botev Plovdiv” (2024/25) və Türkiyənin “Serikspor” (2026) komandalarında çıxış edib

Moskvanın mərkəzində GÜCLÜ PARTLAYIŞ: 3 nəfər öldü, çox sayda yaralı var

0

Moskvada Kudrinskaya meydanındakı Stalin dövrünə aid hündür binanın yaxınlığında partlayış baş verib.
BEY.AZ xəbər verir ki, bu barədə “112” “Teleqram” kanalı məlumat yayıb.
Məlumata görə, partlayış binanın birinci mərtəbəsində yerləşən Balzi Rossi restoranında baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
“Mash” “Teleqram” kanalı isə partlayış nəticəsində üç nəfərin öldüyünü, ilkin məlumata görə daha yeddi nəfərin xəsarət aldığını bildirib.
Partlayışdan sonra yanğın başlayıb. “Baza” Teleqram kanalının məlumatına görə, yanğına görə üçüncü səviyyəli yanğın səviyyəsi ealn edilib.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə çoxsaylı təcili yardım maşınları cəlb olunub. Hündür binanın ətrafındakı yollar bağlanıb. Hazırda “Aviatorlar evi” kimi tanınan binaya onlarla təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin xeyli sayda qüvvəsi göndərilib.
Hüseyn İbadlı

Oveçkinə görə DÇ-2026-nın ən yaxşı futbolçusu kimdir?

0

“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin İspaniya və Argentina arasında keçirilən 2026-cı il Dünya Kubokunun finalı (1:0) barədə danışıb.
BEY.AZ xəbər verir ki, xokkeyçi oyunu stadiondan həyat yoldaşı Anastasiya ilə birlikdə izləyib.
-Final darıxdırıcı, darıxdırıcı idi. İlk hissədə cəmi iki qol şansı oldu. Və əsasən, argentinalı oyunçu meydandan qovulduqdan sonra hər şey aydın oldu.
– İspaniyanın qalib gəlməsini təbii və ədalətli hesab edirsiniz?
-Finaldakı oyuna əsasən yüz faiz belədir.

– Bəs bu çempionatın ən yaxşı oyunçusu sizin üçün Rodridir, yoxsa başqası?
– Mənim üçün bu, Messidir.

Namik Xıdırovun müşaviri vəzifəsindən AZAD EDİLDİ

0

Dövlət Reklam Agentliyinin tabeliyində fəaliyyət göstərən “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.
BEY.AZ “Qaynarinfo”ya istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə “İNNOVA” MMC-nin icraçı direktorunun müşaviri İnna Saleh qızı Abbasova vəzifəsindən azad olunub.
Dövlət Reklam Agentliyinin mətbuat xidmətindən bildirilib ki, bir müddət əvvəl “İNNOVA” MMC-də müşavir ştatı ləğv edildiyindən İnna Abbasovanın əmək müqaviləsinə xitam verilib.

“NİDA”çı Bayramın qardaşı anasını buna görə öldürüb

0

Bu gün səhər saatlarında Bakının Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
54 yaşlı Sevinc Şahmar qızı Məmmədovanın oğlu tərəfindən şəxsiyyət vəsiqəsi üstündə öldürüldüyü iddia edilir.
Mərhumun “NİDA” Vətəndaş Hərəkatının üzvü olmuş və 2021-ci ildə İstanbulda vəfat edən ictimai fəal Bayram Məmmədovun anası olduğu məlum olub. Dəhşətli cinayəti törətməkdə şübhəli bilinən Bayramın qardaşı, 34 yaşlı Elvin Fərman oğlu Məmmədov saxlanılıb.
BEY.AZ xəbər verir ki, hadisə ilə bağlı Teleqraf İnformasiya Agentliyinin əməkdaşları qətlin törədildiyi Sabunçu qəsəbəsindəki ünvana yollanıblar.

Qonşuların bildirdiyinə görə, cinayəti törədən Elvin Məmmədovun ciddi psixoloji problemləri olub:
“Çox gözəl ailə idi. Ana, ata və oğul evdə birlikdə qalırdılar. Dünyasını dəyişən Sevinc xanım çox yaxşı qadın idi, şirniyyat sexində işləyirdi. O, bir neçə il əvvəl də o biri oğlunu itirmişdi və daxilən böyük acı çəkirdi. Bu oğlu isə ruhi xəstə idi. Hər dəfə işdən evə gələndə onu küçədə dayanan görürdüm, lakin indiyə hansısa zərərli hərəkətini görməmişəm. Bu məhəlləyə yeni köçdüyüm üçün ailə haqqında çox məlumatım yoxdur”, – deyə qonşulardan biri deyir.
Həmsöhbətimiz qanlı davanın hansı səbəbdən qızışdığı barədə məhəllədə gəzən iddiaları da bölüşüb:
“Bildiyim qədərilə, oğlan şəxsiyyət vəsiqəsinin üstündə anası ilə mübahisə edib. Hadisə bir anda, qəfil baş verib. Bu hadisə hər kəsə dərs olmalıdır. Bu cür psixoloji diaqnozu olan şəxsləri evdə nəzarətsiz saxlamasınlar, bunun üçün dövlətimizin xüsusi müəssisələri var. Elə insanlar mütləq vaxtında müalicə almalıdırlar”.

Qonşu məhəllədə yaşayan Cavid Məhərrəmovun sözlərinə görə, qətl anında ata evdə olmayıb:
“Evim onlardan bir az uzaqdadır, yaxından tanımıram. Amma eşitdiyim qədərilə normal ailə idi. Oğlan çöldə-bayırda özünü sakit aparırdı, amma deyirlər psixoloji problemləri olub. Hadisə baş verən vaxt evdə yalnız ana və oğlu olub, ata rayonda imiş”.
Yaxınlıqda yaşayan digər bir qonşu qadın isə ailənin keçmişi ilə bağlı bunları deyir: “Elvinin əvvəllər ailəsi var idi, sonradan isə boşandı. Anası, atası çox yaxşı, sakit adam idilər. Oğlanın özünü isə demək olar ki, görmürdüm”.
FOTO: Elnur Muxtar

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

0

Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 0,9 bənd çoxdur.

Hesabat dövrüdə real effektiv məzənnə 115,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd çox, ilin əvvəlinə nisbətən 0,6 bənd az, ötən il iyulun 1-i ilə müqayisədə isə eyni olub.

İspaniyada vitse-prezident stadionu təmizlədi

0

Madridin “Rayo Valyekano” komandasının ev stadionunda oynamaq hüququnu itirdiyi barədə məlumat vermişdik.
BEY.AZ xəbər verir ki, İspaniya çempionatının başlamasına bir neçə həftə qalmış vəziyyətin kritik görünməsi ilə klubun vitse-prezidenti Xose Mariya Sarda bir qrup klub işçisi ilə birlikdə qeyri-ənənəvi bir addım atmaq qərarına gəlib.
Problemə diqqət çəkmək üçün onlar stadionu təmizləmək üçün bir araya gəliblər.
“derbyderbyderby.it” saytının məlumatına görə, məqsəd arenanın istifadəsini qadağan edən şəhər rəhbərliyinə klub rəhbərliyinin stadiona qayğı göstərdiyini göstərmək idi.

İspaniya çempionatının yeni mövsümü avqustun 16-da başlayacaq.

Kobaxidze:Bir sıra təhdidlərin qarşısını almışıq

0

Gürcüstanda terrorizmə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb. Qabaqlayıcı tədbirlər nəticəsində bir sıra təhdidlərin qarşısı alınıb.
BEY.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında bildirib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə tədbirləri milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Gürcüstan cəmiyyəti bu istiqamətdə aktiv işin nəticələrini hər gün görür. Gürcüstan hökuməti hər cür korrupsiya cinayətinə qarşı barışmaz olmağa davam edəcək və hər kəs qanun qarşısında ciddi şəkildə məsuliyyət daşıyacaq.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanıldı

0

Sutka ərzində 50-dən çox cinayətin üstü açılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BEY.AZ-a verilən məlumata görə, iyulun 31-də polis əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlər nəticəsində 45-i isti izlərlə olmaqla, ümumilikdə 56 cinayət hadisəsinin qarşısı alınıb və açılması təmin edilib.
Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

AFFA De Blekerlə vidalaşdı

0

Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.
BEY.AZ xəbər verir ki, 2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Bleker 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib. 2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsi bunun ən bariz nümunələrindən biridir. Bu nailiyyət ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda Frank De Blekerin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsidir.

Frank De Bleker karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.

"Azeri Light" bahalaşdı

0

"Azeri Light" bahalaşdı