EvXəbərlərBir adın arxasında 900 illik yaddaş

Bir adın arxasında 900 illik yaddaş

Published on

spot_img

Bəzən bir insanı xatırlamaq üçün uzun-uzadı danışmağa ehtiyac olmur. Bir ad kifayətdir. Çünki bəzi adlar sadəcə ad deyil. Onların arxasında bir dövr, bir düşüncə, bir mədəniyyət və əsrlərin yaddaşı dayanır.
Xaqani Şirvani də belə adlardandır.
Doqquz əsr əvvəl yaşamış bir şairin adı bu gün yenidən səslənirsə, söhbət təkcə yubileydən, klassik ədəbiyyatın daha bir böyük nümayəndəsini xatırlamaqdan getmir. Söhbət zamanın məsafəsini aşan sözdən gedir. Elə sözdən ki, əsrlər keçəndən sonra da insanın qarşısına eyni sualları çıxarır: İnsan nədir? Onu ucaldan nədir? Ləyaqət harada başlayır? Söz nə zaman gücə çevrilir?
Prezident İlham Əliyevin sentyabrın 15-də Xaqani Şirvaninin adını Nizami Gəncəvi ilə birlikdə XII əsrin böyük Azərbaycan şəxsiyyətləri sırasında çəkməsi də bu baxımdan diqqət çəkir. Dövlət başçısı Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərdən danışarkən onların hər birinin böyük bir dünya olduğunu bildirib. Prezident həmin irsi Azərbaycan xalqı ilə yanaşı, bütün İslam aləmi üçün də böyük dəyər kimi xarakterizə edib.
Bu, əslində, bir adın çəkilməsindən daha böyük mənzərədir. Çünki Xaqanini yalnız XII əsrin şairi kimi oxumaq onun miqyasını kiçiltmək olardı. Xaqani öz dövrünün adamı idi. Amma yalnız öz dövrü üçün yazmırdı. Onun sözlərində insan var idi – öz ləyaqəti, ağlı, iradəsi, zəifliyi və gücü ilə…

Bəlkə də Xaqaninin əsrləri aşmasının sirri elə bundadır. O, insanın dəyişməyən tərəflərinə toxunurdu. Məsələn, şairin “Ey Xaqani, çörək üçün öz abrını tökmə sən” misrası əsrlərin o tayından bu günə gələn sadə, amma ağır bir sualdır: İnsan ehtiyacı qarşısında öz ləyaqətini haraya qədər qoruya bilər?
Xaqani burada sadəcə çörəkdən danışmır. Söhbət insanın öz qiymətini itirməməsindən gedir. Çünki yoxsulluğun, ehtiyacın, məhrumiyyətin müxtəlif formaları ola bilər, amma insanın özünə hörmətini itirməsi tamam başqa yoxsulluqdur.
Elə buna görə, Xaqaninin sözündə orta əsrlərdən bu günə qədər gəlib çıxan qəribə bir yaxınlıq hiss olunur.
O, bizdən çox uzaqda yaşayırdı. Amma insan haqqında danışanda bizdən uzaqlaşmırdı. Onun üçün ağıl da xüsusi yer tuturdu. “Ağıl əmr edəni dil bəyan edər” deyirdi. Bu fikir bir neçə sözə sığan böyük bir həqiqəti ifadə edir: sözün arxasında düşüncə dayanmalıdır. Dil yalnız düşündüyünü ifadə edəndə sözə çevrilir.
Bəlkə də Xaqaninin böyüklüyünü məhz burada axtarmaq lazımdır.
O, sözün gözəlliyini düşüncənin dərinliyindən ayırmırdı. Ona görə də onun yaradıcılığında yalnız qafiyə, bədiilik və poetik məharət görmək kifayət deyil. Orada dövrün sosial mənzərəsi, insanın mənəvi dünyası, ədalət axtarışı, azadlıq arzusu və insan ləyaqəti ilə bağlı narahatlıq da var.
Prezident İlham Əliyevin yanvarın 28-də imzaladığı Sərəncamda Xaqani irsinin məhz bu cəhətləri xüsusi vurğulanıb. Sənəddə şairin yaradıcılığında ədalətə çağırış, mübarizə ruhu, şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inamın mühüm yer tutduğu qeyd edilir. Xaqani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardan biri kimi təqdim olunur.
Burada daha bir mühüm məqam var.
Xaqaninin dünyaya açıq düşüncəsi onun öz torpağından uzaqlaşması demək deyildi. Əksinə.
Onun böyük dünyası Şirvandan başlayırdı. Şairin vətən sevgisi yaradıcılığının mühüm damarlarından biri idi. Doğma yurda bağlılıq onun dünyagörüşündə dar çərçivə yaratmırdı. Şirvan onun üçün dünyanın sonu yox, dünyaya açılan başlanğıc idi.
Böyük sənətkarın böyüklüyü də bir qədər bundadır: öz torpağını sevə-sevə dünyaya baxa bilmək.
Xaqani öz dövrünün sərhədlərini sözlə aşırdı.
Onun yaradıcılığının Yaxın və Orta Şərqin ədəbi-fəlsəfi fikrinə təsir göstərməsi də təsadüfi deyil. Prezidentin yubiley Sərəncamında sonrakı yüzilliklərin ustad şairlərinin Xaqani dühasına ehtiramla yanaşdığı və ondan bəhrələndiyi xüsusi qeyd olunur.

Deməli, 900 il əvvəl Şirvanda doğulan bir söz sonradan başqa zamanlara, başqa məkanlara keçə bildi.
Çünki böyük sözün pasportu olmur. Onun milləti, torpağı, dili, tarixi olur. Amma mənası sərhədləri keçir.
Xaqaninin bu gün bizə yaxın gəlməsinin başqa səbəbi də budur. O, yalnız keçmişi danışmır. İnsanın qarşısında həmişə qalacaq məsələlər haqqında düşünürdü:
Ləyaqət. Ədalət. Azadlıq. Ağıl. Vətən. İnsan.
Bunların heç birinin tarixi bitmir. Təqvimlər dəyişir, dövlətlər dəyişir, şəhərlər dəyişir, dillər inkişaf edir, dünya öz formasını dəyişir. Amma insanın özünü dərk etmək ehtiyacı dəyişmir.
Xaqani də məhz həmin dəyişməyən yerdə dayanır. Bəlkə ona görə 900 il sonra onun adı yenidən səslənəndə biz yalnız keçmişə baxmırıq. Özümüzə də baxırıq.
Xaqaninin 900 illiyi ilə bağlı Prezident Sərəncamının mahiyyəti də yalnız yubiley tədbirlərinin keçirilməsindən ibarət deyil. Bu sənəd böyük bir ədəbi irsin yenidən xatırlanması, öyrənilməsi və cəmiyyətin yaddaşında yaşadılması baxımından da diqqət çəkir.
Sentyabrın 15-də Prezidentin Xaqaninin adını yenidən səsləndirməsi isə həmin yaddaşın bu gün də canlı olduğunu göstərən başqa bir məqamdır.
Bir ad çəkildi – Xaqani Şirvani.
Amma o adın arxasında 900 il dayanır. 900 ilin o tayından gələn bir səs bu gün də insana eyni sualı verir: dünyada yaşamaq asandır, bəs insan kimi yaşamaq necə?
Bəlkə də Xaqaninin “Gənclərə nəsihət”i də məhz buna görə bu günə qədər yol gəlib. Çünki orada yalnız bir dövrün gəncinə deyil, hər dövrün insanına lazım olan dəyərlər var: elmə bağlılıq, düzgünlük, dostluqda sədaqət, zəhmət və hünər.
Xaqani 900 il əvvəl yazıb getdi. Amma bəzi nəsihətlər zaman keçdikcə köhnəlmir. Dünya dəyişir, nəsillər dəyişir, həyatın qaydaları dəyişir, amma insanı ucaldan dəyərlər dəyişmir.
Xaqani keçmişdən danışmır, keçmişdən bu günə danışır.
Xaqaninin böyüklüyü bəlkə də elə bundadır. O, doqquz əsr əvvəl yazıb getdi. Amma bəzi sualları özü ilə aparmadı…
Müəllif: Adəm Abbaslı

Latest articles

More like this