2023-ci ilin 19-20 sentyabr təqvimi 44 günlük Vətən müharibəsi qədər əhəmiyyətli və təkcə Azərbaycanın yox, bütövlükdə regionun taleyini dəyişən tarix idi. Üç il öncə bu gün reallaşan antiterror əməliyyatını üç kontekstdə qiymətləndirə bilərik.Birincisi, Azərbaycan ordusunun hərbi tarixinə yazılan peşəkarlığıdır.Ordumuz bir tərəfdən erməni silahlı dəstələrinin ağır texnikasını dəqiq zərbələrlə məhv etdi, digər tərəfdən, elit bölmələr terrorçuların gizləndiyi yerlərə qədər sızaraq, təmizləmə işləri həyata keçirdi. Cəmi 23 saat 43 dəqiqə ərzində həyata keçirilən əməliyyat nəticəsində erməni dəstələr təslim olmağa məcbur edildi. Bu əməliyyat dünyanın hərb tarixinə təkcə qısa müddət ərzində çətin relyefdə döyüş tapşırığının tam yerinə yetirilməsi (90-dan artıq döyüş mövqeyi nəzarətə götürüldü, yüzlərlə hərbi texnika sıradan çıxarıldı) ilə yox, həm də mülki əhali və infrastruktura heç bir zərər vurulmaması ilə də düşüb.İkincisi, Azərbaycanın dövlət suverenliyi bərpa edildi.Suverenliyimizin əslində 30 il yox, bir əsr sonra təmin edildiyini deyə bilərik. Çünki Xankəndi hələ ötən əsrin əvvəllərindən etibarən erməni separatizminin yuvasına çevrilmişdi, SSRİ dövründə də de-fakto onların nəzarətində idi. Birinci Qarabağ müharibəsində torpaqlarımızı işğal edən Ermənistan hesab edirdi ki, Azərbaycan ərazisində ikinci “erməni dövləti”nin yaradılmasına da nail oldular. 44 günlük müharibədə məğlub olandan sonra belə separatçıların qaldığı ərazilərdə – Xankəndi, Xocalı və Xocavənddə qondarma “erməni dövləti”nin yaşayacağına ümid edirdilər. 20 sentyabrda buna son qoyuldu.Üçüncüsü, 20 sentyabr erməni separatizminin tabutuna sonuncu mismarın vurulduğu gündür.Qarabağda yuva salmış erməni separatizmi həm Rusiya, həm Qərb ölkələri tərəfindən XX və XXI əsrdə regionda güc balansının formalaşması, təsir imkanlarının saxlanılması məqsədilə istifadə olunub. Hətta regionun digər ölkələri də (İran) erməni kartından regional siyasətdə geniş istifadə ediblər. Erməni separatizminin ləğvi Cənubi Qafqazdakı bir əsrlik siyasi mənzərəsini dəyişdirdi.44 günlük müharibədə tarixi qələbənin məntiqi davamı olan dövlət suverenliyimizin bərpası Prezident İlham Əliyevin 2020-2023-cü il ərzində bayrağımızın Xankəndində dalğalandırılması hədəfi istiqamətində həyata keçirdiyi hərbi və diplomatik strategiyası nəticəsi idi. Ermənistan kapitulyasiya aktına imza atsa da, Qarabağdakı qondarma rejimin “sağ qalacağına” ümid edirdi. Qərb – ABŞ və Avropa ölkələri, Rusiya və İran da Azərbaycana qarşı separatçıların cəbhəsində yer alırdı. Rusiya sülhməramlılarının isə Qarabağa yerləşməsi separatçılar üçün “qalxan” yaratmışdı. Və məsələnin həlli – suverenliyimizin bərpa edilməsi mümkünsüz görünürdü, Əliyevin təkcə Ermənistanı yox, ermənilərin havadarlarını, regionda maraqları olan böyük oyunçuları da məğlub edən strategiyası olmasaydı.Müharibədən dərhal sonra Azərbaycan Ermənistanın kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəliklərin icrası tələbini irəli sürdü. Qısa müddətdə Kəlbəcər, Ağdam və Laçın bir güllə belə atılmadan azad olundu. Bundan sonra rəsmi Bakı sülh danışıqları təşşəbbüsü ilə çıxış etdi. 2021-ci ildə bir tərəfdən gah Rusiya, gah Qərb ölkələrinin vasitəçiliyi ilə Bakı və İrəvan arasında danışıqlar aparılır, digər tərəfdən, Xankəndidə qalan separatçılar “dövlətçilik” oyunlarını davam etdirirdilər. Ermənistan və havadarları da bu oyunlara dəstək verirdi. 2022-ci ilin əvvəlində Azərbaycan sülh sazişinin bazasını təşkil edən “5 əsas prinsip” irəli sürdü və danışıqları bu istiqamətə yönləndirdi. Lakin danışıqların aparıldığı Rusiya və Qərb masası arasındakı gündəlik fərqi mürəkkəb vəziyyət yaratmışdı.- Rusiya masasında Zəngəzur dəhlizi və sərhədin delimitasiyasında Bakının istəklərinə uyğun mövqe olsa da, Qarabağda qalan erməni əhalisinin burada saxlanılmasına və əsrlərdir davam edən separatizm toxumlarının cücərdilməsi məqsədi vardı.
– Qərb masasında isə Qarabağ məsələsi müəyyən qədər Azərbaycanın maraqlarına uyğun qəbul edilir, lakin Zəngəzur dəhlizinin – Naxçıvana maneəsiz keçidin açılmasına qarşı mövqe sərgilənirdi, bununla yanaşı, erməni separatizminin Xankəndidə qorunmasına da müxtəlif formalarda dəstək verilirdi.Prezident İlham Əliyev strateji zəkası ilə bu mürəkkəb vəziyyəti Azərbaycanın xeyrinə çevirdi. Rusiya və Qərb masasında təşkil olunan diplomatik danışıqlarda paralel şəkildə yer almaqla hər iki masada üstünlüyün İrəvana keçməsinə imkan vermədi. Ermənistan Bakının irəli sürdüyü “5 əsas prinsip”ə əsasən Qərb masasındakı danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağdan imtina etdi. Ermənistanı Qarabağdan imtina etməyə məcbur edən Prezident İlham Əliyev bunu Moskva qarşısında fakt kimi irəli sürdü və Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması zərurətini yaratdı.Hər iki masada – Rusiya və Qərb masasındakı gündəlik böyük ölçüdə Azərbaycanın mövqeyinə uyğunlaşdırılmışdı. Diplomatik masada mübarizənin getdiyi vaxt danışıqlarda mövqeyimizi gücləndirmək məqsədilə hərbi müstəvidə də addımlar atılırdı. Müxtəlif strateji yüksəkliklərə nəzarət bərpa olunur, “Qisas əməliyyatı” və Laçın sərhəd-keçid məntəqəsinin qurulması kimi tədbirlərlə Qarabağdakı separatçılar və dəstəkçilərinin önü kəsilirdi.23 aprel 2023-cü il tarixində Laçın sərhəd keçid məntəqəsinin qurulması Qarabağda separatizm üzərindən suverenliyimizə qarşı oynanılan oyunlara sarsıdıcı zərbənin vurulması idi. Və bununla “Laçın dəhlizi” məsələsi praktiki olaraq sıradan çıxarıldı, erməni separatizminin tamamilə ləğv edilməsi, suverenliyimizin bərpası istiqamətində həlledici addım atıldı.“Laçın dəhlizi” Qarabağda qalan separatçılar üçün təkcə Ermənistana çıxış yolu yox, “müstəqillik”, “öz müqəddəratını təyinetmə”, “dövlət olmaq” kimi iddialarının nəfəsliyi, yeganə imkanı idi.Prezident İlham Əliyev suverenliyimizin bərpasına doğru bu tarixi həmləni əslində Ermənistanın kapitulyasiya aktına imza atdığı 10 noyabr 2020-ci ildə etmişdi. 10 noyabr bəyanatının imzalanmasında Ermənistan “Laçın dəhlizi”nin 20 kilometr enində olmasını və özlərinin nəzarət etməsini istəyirdi. Bununla separatçıları qorumaq və “Qarabağ iddiası”nı saxlamağa planlaşdırırdı. Lakin Prezident İlham Əliyev qətiyyətli mövqeyindən geri çəkilmədi və müharibə meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbəni təmin etdi. Dəhlizin 5 kilometr enində olmasına nail oldu, bununla yanaşı, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəaları bəyanata daxil edildi. Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, İlham Əliyev daha dərin gediş edib.Birincisi, Laçının mərkəzi heç bir itki vermədən azad olundu;
İkincisi, yeni yolun istifadəyə verilməsi “dəhlizin 5 kilometrlik eni” məsələsini də praktiki olaraq arxa plana keçirdi;Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü. 21 sentyabr 2022-ci il tarixində müharibənin qalibi olan Prezident İlham Əliyev diplomatiyanın da qalibi kimi Laçın şəhərinə daxil oldu, şəhərin mərkəzində üçrəngli bayrağımızı ucaltdı. Bu prosesin məntiqi davamı olaraq, 2023-cü ildə “Laçın dəhlizi”ni tamamilə ləğv edən sərhəd-keçid məntəqəsi quruldu. Bundan cəmi 5 ay sonra – 20 sentyabr 2023-cü ildə anti-terror əməliyyatı ilə Qarabağda yüz ildir davam edən separatizm məhv edildi.Azərbaycan ordusu qarşısında təslim olan separatçıların qondarma “rəhbəri” Samvel Şahramanyanın anti-terror əməliyyatından 8 gün sonra – 28 sentyabr 2023-cü ildə Qarabağdakı kukla rejimin ləğvi ilə bağlı “fərmanı” ermənilərin illərdir qurduqları xülyalaların “dəfn edilməsi” idi. Buna Prezident İlham Əliyev nail oldu. Bu gün üçrəngli bayrağımızın respublikanın hər güşəsində dalğalanması məhz onun strategiyası və milli mübarizliyinin bəhrəsidir.Asif Nərimanlı
Qarabağda yüz illik oyun 24 saatda məhv edildi – Əliyevin tarixi dəyişən strategiyası
Published on
